Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2001-ci illərdə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir.Tural Məmmədov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsgəri xidmətini başa vursa da Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir. Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir.
QHT.az bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. Tural Məmmədov Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yenidən döyüşlərə qatılıb və oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Tural Məmmədov oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.