Bakı, 1 may, AZƏRTAC
Qlobal iqtisadiyyatın yenidən formalaşdığı, tədarük zəncirlərinin dəyişdiyi və beynəlxalq logistika sistemində qeyri-müəyyənliklərin artdığı bir dövrdə Orta Dəhlizə maraq sürətlə yüksəlir.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert və jurnalist Mustafa Söğüt bildirib. Onun sözlərinə görə, bu proses artıq təkcə iqtisadi seçim deyil, həm də geosiyasi zərurət xarakteri daşıyır: “Son illərdə dünya ticarətində müşahidə olunan əsas problem ənənəvi marşrutların təhlükəsizliyinin zəifləməsidir. Müharibələr, regional gərginliklər, sanksiyalar və dəniz yollarında artan risklər ölkələri daha stabil alternativlərə yönəldib. Orta Dəhliz bu baxımdan həm zaman, həm də təhlükəsizlik baxımından daha etibarlı bir model təqdim edir. Bu marşrut artıq gələcəyin deyil, bu günün əsas ticarət xəttidir”.
Mustafa Söğüt qeyd edib ki, Orta Dəhlizin sürətli inkişafında Türkiyənin rolu həlledicidir. Türkiyə Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirərək təkcə tranzit ölkə kimi deyil, həm də logistika və ticarət mərkəzi kimi çıxış edir. Ölkənin müasir avtomobil yolları, dəmir yolu şəbəkəsi, liman infrastrukturu və beynəlxalq nəqliyyat layihələrində iştirakı Orta Dəhlizin effektivliyini artırır.
Ekspert əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq bu dəhlizin əsas dayaqlarından biridir. İki ölkənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri regionda iqtisadi inteqrasiyanı daha da gücləndirir. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin əsas komponenti kimi Şərqlə Qərbi birləşdirən mühüm arteriyaya çevrilib.
Onun fikrincə, Azərbaycanın geostrateji mövqeyi və inkişaf edən logistika infrastrukturu Orta Dəhlizin səmərəliliyini artıran əsas amillərdəndir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Xəzər üzərindən həyata keçirilən daşımalar Asiyadan Avropaya yük axınının daha çevik və dayanıqlı şəkildə təşkilinə imkan yaradır. Azərbaycan həm də regionda tranzit təhlükəsizliyini təmin edən əsas ölkələrdən biri kimi çıxış edir.
Mustafa Söğüt vurğulayıb ki, Orta Dəhlizin əhəmiyyəti yalnız ticarət daşımaları ilə məhdudlaşmır, bu marşrut həm də enerji təhlükəsizliyi baxımından strateji rol oynayır. Xəzər regionunun enerji resurslarının Türkiyə üzərindən Avropaya çatdırılması enerji marşrutlarının diversifikasiyasına töhfə verir və Avropanın enerji asılılığını azaldır.
Ekspert bildirib ki, Orta Dəhliz boyunca formalaşan əməkdaşlıq yeni iqtisadi reallıq yaradır. Region ölkələri arasında qarşılıqlı ticarət dövriyyəsinin artması, investisiya layihələrinin genişlənməsi və logistika infrastrukturunun inkişafı bu marşrutu daha da gücləndirir. Onun sözlərinə görə, bu proses eyni zamanda siyasi dialoqun dərinləşməsinə də şərait yaradır.
O qeyd edib ki, Türkiyə və Azərbaycanın koordinasiyalı fəaliyyəti Orta Dəhlizin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir. Bu əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də Avrasiya miqyasında yeni iqtisadi inteqrasiya modelinin formalaşmasına töhfə verir.
Ekspert vurğulayıb ki, Orta Dəhliz yaxın illərdə qlobal ticarətin əsas arteriyalarından birinə çevriləcək. Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində bu marşrut Avrasiyada iqtisadi sabitliyin, nəqliyyat təhlükəsizliyinin və dayanıqlı inkişafın əsas dayaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirəcək.
Müxbir - Vüqar Qurbanoğlu