AZ

Okampo ilə bağlı videogörüntülər qlobal siyasətdə gizli şəbəkələri ifşa edir Ekspert rəyi

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

“Minval Politika”nın əldə etdiyi videogörüntüdə əks olunanlar qlobal siyasi proseslərdə müəmmalı görünən bir çox məqamlara aydınlıq gətirir. Burada söhbət rüşvət, korrupsiya, kriminal əlaqələr üzərində formalaşmış bir şəbəkənin regional və qlobal siyasətə müdaxiləsindən gedir. Videoda adı keçən mərkəzi fiqur Luis Moreno Okampo uzun müddət Birləşmiş Millətlər Təşkilatının strukturlarında təmsil olunub, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru kimi fəaliyyət göstərib. Həmin postlardan istifadə edərək qazandığı əlaqələri bu gün lobbi qrup adı altında neqativ məqsədlər üçün istifadə edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

"Videogörüntüdəki danışıqlardan belə nəticə çıxır ki, Luis Okampo Avropa İttifaqı, Avropa Parlamenti kimi mötəbər təşkilatlarda münasibət qurduğu şəxsləri də özünün neqativ əməllərinə şərik edib. Bu sırada Avropa İttifaqının keçmiş xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borrellin adını çəkir. Digər məsul şəxslərlə də əməkdaşlıq etdiyinə işarə verir. Əməkdaşlıq etdiyi şəxslər vasitəsilə Avropa İttifaqının, Avropa Parlamentinin qəbul etdiyi qərarlara təsir göstərdiyini büruzə verir", - deyə M.Ələsgərli vurğulayıb.

Onun sözlərinə görə, Luis Okampo prokuror olduğu dövrdə Azərbaycana qarşı əsası olmayan ittihamlar səsləndirib. Cosef Borrell də eyni şübhəli hərəkətləri təkrarlayıb. Videodakı danışıqlarından bəlli olur ki, onlar Rusiyanın erməniəsilli biznesmenlərindən Azərbaycana qarşı qaralama kampaniyası aparmaq üçün maddi vəsait və göstərişlər alıblar. İndi isə ABŞ-dəki erməni diaspor təşkilatlarından sifariş və maddi dəstək alaraq Ermənistanda keçiriləcək seçki prosesinə müdaxilə etməyə, Baş nazir Nikol Paşinyanı devirməyə çalışırlar. Bir ölkənin daxili işlərinə qarışmaq, seçki prosesinə müdaxilə etmək “lobbi qrup”lar üçün müəyyənləşdirilmiş çərçivəni aşır, cinayətkar əməl xarakteri daşıyır.

"Məsələnin diqqət çəkən başqa bir tərəfi odur ki, bu cür şəxslər Avropa İttifaqı, Avropa Parlamenti, BMT, Avropa Şurası, kimi beynəlxalq dövlətlərarası təşkilatlarda yer tutaraq özlərinin cinayətkar əməllərini “insan haqlarının müdafiəsi”, “demokratik dəyərlərin qorunması” adı ilə pərdələyiblər. Acınacaqlı haldır ki, bu tip neqativ proseslərdə digər beynəlxalq təşkilatların səlahiyyətli şəxslərinin də adları keçir. Təsadüfi deyil ki, bir müddət öncə “Epştein sənədləri” açılanda, orada Avropa Şurasının 10 il müddətində baş katibi olmuş Torbyorn Yaqlandın da adı çıxdı.

İndi sual yaranır ki, bu şəbəkələrin üzvləri başqa hansı layihələri icra ediblər? Şəbəkənin başında hansı məşhur fiqurlar dayanır? Araşdırma davam etdiriləcəksə, bu suallara cavab veriləcək və deməli, dünyanı təkrarən silkələyəcək yeni bir proses başlayacaq", - deyə ekspert əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
5
azertag.az

6Mənbələr