ABŞ müdafiə naziri Pit Heqset Tramp administrasiyasının hərbi əməliyyatlarla bağlı hüquqi müddətə dair mövqeyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Heqset Senatda çıxışı zamanı bildirib ki, ABŞ-İsrail müharibəsi ilə bağlı Konqresin təsdiqi üçün nəzərdə tutulan 60 günlük müddət atəşkəs səbəbindən “dayandırılıb”.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp 2 martda İrana qarşı hücumlarla bağlı Konqresə rəsmi məlumat verib və qanunvericiliyə əsasən, 60 gün ərzində Konqres icazə verməzsə, hərbi əməliyyatlar dayandırılmalıdır.
Nazir isə qeyd edib ki, hazırda atəşkəs qüvvədədir və administrasiya bu səbəbdən müddətin hesablanmasının dayandığını düşünür. Bununla belə, Demokrat senator Tim Keyn bu yanaşma ilə razılaşmayaraq bildirib ki, qanun bunu dəstəkləmir və bu məsələ ciddi hüquqi mübahisə yarada bilər.
Qeyd edək ki, tərəflər arasında atəşkəs elan olunsa da, uzunmüddətli razılaşma hələ əldə olunmayıb və regionda gərginlik qalmaqdadır.
Aminə ŞAHSUVARQIZI