AZ

Luis Okamponun mövqeyi erməni lobbi dairələrinin maraqları ilə üst-üstə düşür ŞƏRH

Bakı, 1 may, AZƏRTAC

Son illərdə dünyada beynəlxalq hüququn və geosiyasətin kəsişdiyi ən mühüm məsələlərdən biri də baş verən münaqişə və müharibələrə hüquqi qiymətin verilməsidir. Bilirik ki, hüquqi yanaşma dəyişməz olmalıdır, yalnız faktlara və ədalətə söykənməlidir. Amma təəssüflər olsun ki, siyasi yanaşma daha çox şəxsi və dövləti maraqlar prizmasından olur. Azərbaycanla Ermənistan arasında keçmiş Qarabağ münaqişəsinə də Qərb dairələrində daha çox siyasi kontekstdə yanaşıblar. Ona görə bir çox hallarda qərəzli olur.

Bu baxımdan Beynəlxalq Cinayət Məhkəməsinin sabiq Baş prokuroru Luis Okamponun çıxışları və rəyləri, xüsusilə ölkəmizlə bağlı irəli sürdüyü “soyqırımı” iddiaları da qərəzli və siyasi motivlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O qeyd edib ki, Luis Okampo 2003-2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin ilk Baş prokuroru kimi fəaliyyət göstərib. Onun bu dövrdə fəaliyyəti ciddi tənqidlərə məruz qalıb.

Okamponun Qarabağ məsələsi ilə bağlı verdiyi rəylər beynəlxalq hüququn obyektiv prinsiplərinə deyil, daha çox siyasi mövqeyə əsaslanır. O, “soyqırımı” iddiasını hüquqi prosedurlar və sübut bazası olmadan irəli sürür. Bu isə beynəlxalq hüququn əsas prinsiplərindən olan “hüquqi neytrallığın” pozulmasıdır.

Okamponun mövqeyi erməni lobbi dairələrinin maraqları ilə üst-üstə düşür. Onun hazırladığı hesabatların sifarişli olması şübhəsizdir. Bu da onun bəzi siyasi dairələrin və erməni lobbisinin təsirində olduğunu göstərir.

Məlumatlara əsasən, Okamponun Ermənistanla əlaqələri və bu ölkəyə səfərləri onun tərəfsizliyini şübhə altına alır. Bu isə beynəlxalq hüquq eksperti üçün ciddi reputasiya riskidir.

"Həmçinin araşdırmalara və bəzi Qərb media orqanlarında gedən məlumatlara görə, onun ofşor şirkətlərlə əlaqələri var və yüksək maliyyə aktivlərinə malikdir. Bu isə onun fəaliyyətində şəffaf olmadığını göstərir.

Okamponun rəhbərlik etdiyi dövrdə Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinin effektivliyi də tənqid olunurdu. Uzun müddət ərzində məhdud sayda iş üzrə nəticə əldə olunması onun peşəkar fəaliyyətinə kölgə salıb.

Luis Okamponun Qarabağla bağlı mövqeyi yalnız hüquqi deyil, həm də geosiyasi kontekstdə qiymətləndirilməlidir. Onun fikirləri müəyyən beynəlxalq aktorların maraqlarına uyğun informasiya kampaniyalarında istifadə olunur. Bu isə göstərir ki, okampokimilər beynəlxalq hüququ bəzən geosiyasi alətə çevrə bilir və ayrı-ayrı şəxslər, dairələr də bu prosesdə aktiv rol oynayırlar", - deyə Y.Hacızadə vurğulayıb.

Politoloqun sözlərinə görə, Luis Okamponun fəaliyyəti göstərir ki, bəzi şəxslər öz statuslarından istifadə edərək beynəlxalq hüququ yanıltmağa çalışaraq, qərəzli mövqe sərgiləyə bilərlər. Onun Qarabağ məsələsindəki çıxışları hüquqi obyektivlikdən daha çox siyasi motivlərə əsaslanır. Bu baxımdan onun rəyləri beynəlxalq hüquqi sənəd kimi deyil, siyasi mövqenin ifadəsi kimi qiymətləndirilməlidir.

Seçilən
42
1
azertag.az

2Mənbələr