AZ

Cərimə nə zaman və hansı hallarda silinir?

Azərbaycanda inzibati cərimələrin tətbiqi əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (İXM) ilə tənzimlənir.
Bu məcəllə hansı əməllərin inzibati xəta sayıldığını, həmin xətalara görə tətbiq olunan tənbeh növlərini və icraat qaydalarını müəyyən edir. Məcəllənin ümumi hissəsində inzibati məsuliyyətin əsasları və prinsipləri, xüsusi hissəsində isə konkret xətalar və onlara görə nəzərdə tutulan sanksiyalar göstərilir.
İnzibati cərimələrin məbləğinə gəldikdə, İXM-in 25-ci maddəsinə əsasən, tətbiq olunan məbləğ hər bir xəta üzrə maddənin sanksiyasında müəyyən edilir. Mövcud qanunvericiliyə əsasən, inzibati cərimənin ən aşağı həddi 10 manatdır. Ən yuxarı hədləri aşağıdakı kimidir:
  • Fiziki şəxslər üçün: 4 000 manatadək;
  • Vəzifəli şəxslər üçün: 8 000 manatadək;
  • Hüquqi şəxslər üçün: 100 000 manatadək.
Cərimələrin tətbiqi və icrası ilə bağlı müddətlər Məcəllədə konkret müəyyən olunmuşdur. İXM-in 38-ci maddəsinə əsasən, inzibati tənbeh vermə müddətləri aşağıdakı kimidir:
  • Ümumi qaydada inzibati xəta törədildiyi gündən etibarən 3 ay keçmişsə, şəxs məsuliyyətə cəlb oluna bilməz;
  • İnzibati xəta haqqında işə məhkəmə tərəfindən baxıldıqda, bu müddət törədildiyi gündən etibarən 1 il təşkil edir;
  • Davam edən xətalarda müddət xətanın aşkar edildiyi gündən hesablanır.
İnzibati tənbeh haqqında qərarın icrası ilə bağlı müddəalar da mühüm əhəmiyyət kəsb edir. İXM-in 151.1-ci maddəsinə əsasən, inzibati tənbeh haqqında qərar qanuni qüvvəyə mindiyi gündən etibarən 1 il müddətində icraya yönəldilməyibsə, həmin qərarın icrası dayandırılır və o, hüquqi qüvvəsini itirir.
Bundan əlavə, şəxslərin inzibati xəta haqqında qərardan şikayət vermək hüququ qanunla təmin edilir. İXM-in 130-cu maddəsinə əsasən, şəxs qərarın surətini aldığı gündən etibarən 10 gün müddətində yuxarı orqana və ya məhkəməyə şikayət verə bilər. Protokolda maddi və ya prosedur xətaların olması, sübutların yetərsizliyi və ya qanunvericiliyin digər tələblərinin pozulması cərimənin ləğvi üçün hüquqi əsas yaradır.
Nəsimi Ələsgərli
Seçilən
36
day.az

1Mənbələr