Vaşinqton, 1 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə hərbi mövcudluğunu davam etdirdiyi bir vaxtda onun Konqresdən icazə alması üçün 60 günlük son tarix mayın 1-i başa çatır.
Vyetnam müharibəsindən sonra 1973-cü il Müharibə Səlahiyyətləri Qətnaməsi (War Power Resolution) yaranıb və o, Prezidentin hərbi səlahiyyətlərini müəyyən dərəcədə nəzarətdə saxlamağa yönəlmiş bir neçə müddəanı özündə birləşdirir. Bu qətnamə Prezidentdən hərbi güc tətbiqinə başladığını 48 saat ərzində Konqresə bildirməsini tələb edir. Məlumat vermədiyi halda icazə almadan əməliyyatları davam etdirdiyi üçün 60 günlük vaxt işə düşür.
Lakin bu 60 gün bitdikdən sonra Prezident ya ABŞ qüvvələrinin bölgədən çıxarılması üçün daha çox vaxta (maksimum 30 gün) ehtiyac olduğunu Konqresə təqdim etməli, ya da əməliyyatları davam etdirmək üçün Konqresdən təsdiq almalıdır.
ABŞ-nin müharibə katibi Pit Heqset Senatın Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı Ağ Ev administrasiyasının hər iki variantı da nəzərdən keçirmədiyinə işarə edib. O bildirib ki, hazırda ABŞ İranla atəşkəs rejimindədir və bu da 60 günlük limitin faktiki olaraq dondurulması deməkdir.
Konqresin ata biləcəyi potensial addımlar nədir?
Məsələ qanunverici orqanda ciddi fikir ayrılığı da yaradıb. Demokratlar Partiyasının təmsilçiləri 60 günlük vaxt məhdudiyyətinə riayət edilməməsinin ciddi qanun pozuntusu olduğunu düşünür.
Administrasiya isə siyasi xal qazanmağa çalışan Konqres üzvlərinin mövqeyinin xaricdəki ABŞ ordusunu sarsıdacağını hesab edir.
Konqres aprelin 30-u işini bitirdikdən sonra may tətilinə çıxıb və Senatın mayın 11-dək, Nümayəndələr Palatasının isə mayın 12-dək iclasa qayıtması gözlənilmir.
Konqresin iki potensial variantı var: ya regionda hərbi əməliyyatlara son qoymaq üçün Müharibə Səlahiyyətləri Qətnaməsini qəbul etmək cəhdlərini davam etdirməlidir və ya Prezidentə bütün zəruri və uyğun güc tətbiq etmək səlahiyyəti verəcək Hərbi Qüvvələrin İstifadəsinə dair Səlahiyyətini (AUMF) işə salmalıdır.
Hərbi Qüvvələrin İstifadəsinə dair Səlahiyyət
Hərbi Qüvvələrin İstifadəsinə dair Səlahiyyət 11 sentyabr hadisələrindən dərhal sonra Konqres tərəfindən 2001-ci il sentyabrın 18-də qəbul edilib. Qanun Prezidentə 11 sentyabr hücumlarında məsul olanlara qarşı bütün lazımi gücdən istifadə etməyə icazə verir. Tramp ilk prezidentlik müddətində 2020-ci ildə Bağdadda İran generalı Qasım Süleymaninin öldürülməsi əmrini vermək üçün AUMF-dən istifadə etmişdi.
1973-cü ildən bəri ABŞ prezidentləri AUMF qüvvəyə minməzdən əvvəl də tez-tez Konqresin açıq təsdiqi olmadan hərbi əməliyyatlar aparıblar və bunun üçün müxtəlif hüquqi əsaslandırmalardan və səlahiyyət iddialarından istifadə ediblər.
Bill Klinton səkkiz illik prezidentliyi dövründə İraqda və Somalidə bir neçə hərbi əməliyyata icazə verib.
1999-cu ilin mart ayında o, Konqresin təsdiqini almadan, Kosovoda albanlara qarşı etnik təmizləmə aparılması ilə bağlı ABŞ qüvvələrini keçmiş Yuqoslaviyaya qarşı yerləşdirib. Yuqoslaviyadakı hərbi kampaniya 79 gün davam edib.
2011-ci ilin mart-iyun ayları arasında ABŞ-nin Liviyada hərbi kampaniyası zamanı Obama administrasiyası missiyanın Müharibə Səlahiyyətləri Qətnaməsindəki düşmənçilik anlayışına uyğun olmadığını iddia edərək qanundan yayınıb.
İndiki vəziyyətə gəlincə, bu günə kimi Demokratlar Partiyasının üzvləri İrana qarşı hərbi əməliyyatları dayandırmaq məqsədilə Müharibəsi Səlahiyyətləri Qətnaməsini irəli sürmək üçün altı dəfə cəhd göstəriblər, lakin Respublikaçılar Partiyasının təmsilçiləri Prezidentin İrandakı fəaliyyətinin tam səlahiyyətləri çərçivəsində olduğunu əsas gətiriblər və qarşı tərəfin cəhdi uğursuz olub.
Konqres indiyə kimi heç vaxt Prezidenti hərbi əməliyyatlara son qoymağa məcbur etmək üçün Müharibə Səlahiyyətləri Qətnaməsindən istifadə etməyə nail olmayıb.
Demokratların Müharibə Səlahiyyətləri Qətnaməsinə dair səylərinin Senat tətildən qayıdanda davam edəcəyi gözlənilir.
Respublikaçılar Partiyası təmsilçiləri isə Hərbi Qüvvələrin İstifadəsinə dair Səlahiyyətlər qanununa icazə vermək yolu ilə irəli getmək niyyətlərini ifadə ediblər.
Əslində, konstitusiya Konqresə digər millətlərə qarşı rəsmi olaraq müharibə elan etmək üçün istisna səlahiyyət verir. Bu səlahiyyəti isə qanunverici orqan sonuncu dəfə İkinci Dünya Müharibəsinin əvvəlində tətbiq edib.
Mayın 1-dən sonra nə gözlənilir?
Müharibə Səlahiyyətləri Qətnaməsi 60 günlük vaxt bitdikdən sonra Prezidentə birdəfəlik, müddətin 30 günlük uzadılmasına icazə verir.
Bunu etmək üçün Donald Tramp yazılı şəkildə təsdiqləməlidir ki, ABŞ qüvvələrinin təhlükəsiz şəkildə geri çəkilməsini təmin etmək üçün əlavə vaxt lazımdır.
Bəs, Prezident son tarixi görməzliyə vurarsa, nə baş verə bilər? Bu, əslində keçmişdə dəfələrlə baş verib və Konqresin güclü müqaviməti olmayıb.
Demokratlar Partiyası Trampın müharibəni son tarixdən sonra davam etdirəcəyi təqdirdə ona qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir. Lakin bu yol da bir qədər çətindir. Əvvəlki dövrlərdə həm Obama, həm də cənab Klintona qarşı hüquqi iddialar qaldırılıb və hüquqi statuslarının olmaması səbəbindən rədd edilib.
Ağ Ev və Konqresdəki Respublikaçılar Partiyasının bəzi üzvləri Prezident Trampın hərəkətlərinin qanuni olduğu və məhdud hərbi əməliyyatlar əmri verməklə ABŞ-ni qorumaq üçün baş komandan kimi hüquqları daxilində addımlar atdığı fikrini müdafiə edirlər. Hələlik isə qanunverici orqanda Respublikaçılar Partiyası üzvlərinin çoxluq təşkil etməsi onların irəli sürdüyü fikirlərin əsas götürüləcəyi proqnozunu verir.