AZ

İğdır Universitetinin rektoru: WUF13 bütün ölkələr üçün oriyentir olacaq

Ankara, 1 may, AZƏRTAC

BMT-nin himayəsi altında Bakıda təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası urbanizasiya, dayanıqlı inkişaf və həyat keyfiyyəti kimi bəşəriyyətin ortaq gələcəyini formalaşdıran məsələlərin həlli baxımından ən nüfuzlu qlobal platformalardan biridir. Əminəm ki, forumun, xüsusən də mənzil siyasəti və davamlı şəhər inkişafı sahələrində Azərbaycanda təqdim edəcəyi vizyon dünyanın bütün ölkələri üçün oriyentir rolunu oynayacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında Türkiyənin İğdır Universitetinin rektoru, professor Ekrem Gürel bildirib.

Onun sözlərinə görə, bu gün urbanizasiya sadəcə şəhərlərin fiziki transformasiyası prosesi deyil, sosial, iqtisadi və ekoloji aspektləri əhatə edən vahid inkişaf çərçivəsidir.

“Bu kontekstdə şəhərlərin dayanıqlığının artırılması və iqlim dəyişikliyinə uyğunlaşma kimi məsələlər bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edir. Bu kritik məqamda universitetlər elmi biliklər və innovativ həllər yaratmaq yolu ilə qərar qəbuletmə prosesini zənginləşdirir, həmin prosesdə əsas rol oynayır”, -deyə o bildirib.

Rektor İğdır Universitetinin ətraf mühitin idarə olunması, su ehtiyatları və regional inkişaf sahələrində strateji tədqiqatlar vasitəsilə qlobal urbanizasiya vizyonunun inkişaf etdirilməsi öhdəliyini vurğulayıb.

“Dünyanın müxtəlif regionlarından olan iştirakçıları bir araya gətirəcək, bilik və təcrübə mübadiləsinin gücləndirəcək qarşıdakı forumun rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, WUF13-ün nəticələri yerli səviyyədə konkret və tətbiq oluna bilən həllərə çevriləcək”, - deyə türkiyəli professor sözlərini yekunlaşdırıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
15
2
azertag.az

3Mənbələr