AZ

Deputat: “Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibətdədir”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, qərara əsasən, Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır. Eləcə də Milli Məclisin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulur.

Eyni zamanda, Milli Məclisin AvroNest Parlament Assambleyasında üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti AvroNest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.

Qərar heç bir etiraz olmadan qəbul edilib.

Məsələ ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Milli Məclisdə Avropa Parlamenti ilə bağlı düzgün və doğru qərar qəbul edilib:

“Avropa Parlamenti uzun müddətdir ki, Azərbaycana qarşı qərəzli münasibətdədir. Bu qurum istər 44 günlük müharibə dövründə, istərsə müharibədən əvvəl, istərsə də müharibədən sonrakı dövrdə ölkəmizə qarşı çox ədalətsiz və heç bir hüquqi əsası olmayan qətnamələr qəbul edib.

Qəbul edilən son qətnamə də bunun bariz sübutudur. Ona görə də Milli Məclis olaraq Avropa Parlamenti və AvroNest Parlament Assambleyası ilə əlaqələrin xitma verilməsi barədə qərar qəbul etdik. Bu qərar bir tərəfdən etiraz xarakteri daşıyır.

Xüsusi məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa İttifaqına daxil olan 9 ölkə ilə enerji əməkdaşlığı edir və Avropanın enerji təhlükəsizliyini təmin edən beş ölkədən biridir, xüsusilə də həmin ölkələrin rəhbərləri və hökumət üzvləri öz çıxışlarında dövlət rəhbərimiz cənab İlham Əliyev barədə tərifli sözlər bildiriblər.

Buna baxmayaraq, həmin ölkələrin parlamentariləri Azərbaycan əlehinə qərəzli qətnaməyə səs verirlər. Məhz bu çirkin siyasətə görə həmin ölkələrin rəhbərlərinə öz etirazımı bildirirəm”. 

Seçilən
28
cebheinfo.az

1Mənbələr