AZ

Zelenski hərbçilərin maaşlarını kəskin artırır Səfərbər edilənlərin bir qismi tərxis ediləcək

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrində köklü islahatların start götürdüyünü elan edib. 

“AzPolitika” xəbər verir ki, sosial şəbəkədə paylaşım edən dövlət başçısı iyun ayından etibarən hərbçilərin maliyyə təminatının əhəmiyyətli dərəcədə artırılacağını və xidmət müddətləri ilə bağlı yeni qaydaların tətbiq olunacağını bildirib.

Zelenski qeyd edib ki, iyun ayından etibarən əsgər, çavuş və komandirlərin pul təminatı artırılacaq. Burada əsas meyar hərbçinin döyüş təcrübəsi və ön cəbhədəki fəallığı olacaq.

Arxa cəbhə vəzifələri üçün minimum maaş 30 min qrivnadan (təxminən 1300 AZN) az olmayacaq.

Döyüş mövqelərində olanlar üçün isə bu məbləğ bir neçə dəfə yüksək olacaq. Komandir heyətinə gəldikdə, döyüş təcrübəsi olan zabit və çavuşların maaşlarında kəskin artım nəzərdə tutulur.

Prezident xüsusilə cəbhə xəttini saxlayan piyada bölmələrinin statusunun qaldırılacağını vurğulayıb. Piyadalar üçün xüsusi müqavilə sistemi tətbiq olunacaq. Yerınə yetirilən döyüş tapşırıqlarının mürəkkəbliyindən asılı olaraq, bu müqavilələr çərçivəsində 250 mindən 400 min qrivnayadək (təxminən 11.000 – 17.500 AZN) birdəfəlik və ya xüsusi ödənişlərin edilməsi tapşırılıb.

İslahatın ən həssas hissəsi səfərbər olunanların evlərinə qayıtması ilə bağlıdır. Zelenski bildirib ki, müqaviləli xidmət sisteminin genişləndirilməsi hesabına konkret xidmət müddətləri müəyyən ediləcək. Bu isə imkan verəcək ki, artıq cari ildən başlayaraq, əvvəllər səfərbər edilmiş hərbçilərin mərhələli şəkildə ehtiyata buraxılmasına (tərxis olunmasına) başlanılsın.

Prezident Müdafiə Nazirliyinə və hərbi komandanlığa tapşırıq verib ki, islahatın detalları mütləq şəkildə döyüş meydanında olan komandirlərlə müzakirə edilsin və onların təklifləri sənəddə əksini tapsın. Gələn həftə isə yüksək ödənişlərin qrafiki və yeni müqavilə sisteminin konkret addımları barədə məruzə təqdim olunmalıdır.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
azpolitika.info

1Mənbələr