Media ictimai və dövlət maraqlarını qorumağa borcludur -
Dövlət cəmiyyətin maraqlarını, cəmiyyət isə dövləti qorumaqla inkişafa nail olur. Dövlətin sabitliyi, təhlükəsizliyi, qüdrəti eyni zamanda cəmiyyətin təhlükəsizliyi, rifahı, firavanlığı deməkdir. Cəmiyyətin inkişafı isə dövlətin qüdrətini təmin edir. Ümumi inkişaf bu iki komponentin maraqlarınnın düzgün şəkildə uyğunlaşdırılmasına bağlıdır. Bu kontekstdə yanaşsaq, dövlət, cəmiyyət və fərdimaraqların qorunması təkcə rəsmi qurumların deyil, həm də bütövlükdə cəmiyyətin və hər bir fərdin məsuliyyətidir.İctimai və dövlət maraqlarının qorunması missiyasının cəmiyyət tərəfindən aydın şəkildə dərk edilməsi ölkə daxilində milli birliyin möhkəmlənməsinə, nəticə etbarilə inkişafın əldə edilməsinə xidmət göstərir. Cəmiyyətin bütün təbəqələrinin ortaq məqsədlər ətrafında birləşməsi dövlətin inkişaf strategiyalarının daha səmərəli reallaşmasına və uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfə verir. İctimai məsuliyyətin formalaşmasında, dövlət-cəmiyyət vəhdətinə nail olunmasında medianın rolu əvəzsizdir. Məlumatlandırma, maarifləndirmə funksiyası imkan verir ki, media bu mövzu üzrə zəruri bilikləri cəmiyyətə çatdırsın. İnsanlarda öz missiyaları, funksiyaları, hüquq və öhdəlikləri barədəaydın təsəvvür formalaşdırsın. Hər bir fərdin dövlət və cəmiyyət qarşısında vəzifələrini ona dəqiq anlatsın. Nəzərə almaq lazımdır ki, fərdi davranışlar toplusu bütövlükdə cəmiyyətin inkişafına və dövlətin güclənməsinə birbaşa töhfə verir.Bəzən liberal nəzəriyyələrdə fərdin hüquq və azadlıqlar ictimai və dövlət maraqlarının qarşısında duran, onlarla ziddiyyət təşkil edən anlayışlar kimi təqdim edilir. Hətta bu iki anlayışın bir-birinə təhlükə yarada biləcəyini vurğulayır. Lakin, bu cür yanaşmalar tarixdə, praktikada özünü doğrultmur. Tarix sübut edir ki, əslində, fərdin hüquq və azadlıqları ilə cəmiyyətin və dövlətin maraqları arasında qırılmaz bir əlaqə mövcuddur. Bu iki istiqamət bir-birindən təcrid olunmuş deyil, əksinə, qarşılıqlı təsir, tamamlanma prinsipi əsasında fəaliyyət göstərir. Fərdin azadlığı ictimai qaydalar və hüquqi çərçivə daxilində həyata keçirildikdə daha dayanıqlı və səmərəli olur. Fərdi hüquq və azadlıqların cəmiyyət və dövlət qarşısında məsuliyyət hissi ilə düzgün uzlaşdırılması həm şəxsi rifahın, həm də ümumi ictimai mənafelərin təmin olunmasına geniş imkanlar yaradır. Bu balans sosial harmoniyanı gücləndirir, hüquqi sabitliyi möhkəmləndirir və uzunmüddətli inkişaf üçün əlverişli şərait formalaşdırır. Yuxarıda qeyd etdik ki, dövlət və ictimai maraqların qorunmasında medianın rolu olduqca vacibdir. Media cəmiyyəti operativ, düzgün və obyektiv məlumatlarla təmin etməklə yanaşı, ictimai şüurun formalaşmasında da mühüm rol oynayır. O, dövlət orqanlarının fəaliyyətini izləyir, şəffaflığı təşviq edir və ictimai nəzarətin güclənməsinə şərait yaradır. Media həmçinin ictimai problemləri gündəmə gətirərək onların həlli üçün platforma yaradır və cəmiyyətlə dövlət arasında əlaqələndirici körpü funksiyası daşıyır. Düzgün və balanslı informasiya yayımı vətəndaşlarda məsuliyyət hissini artırır, ictimai etimadı möhkəmləndirir və ümumi maraqların qorunmasına mühüm töhfə verir. Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, media nəzəriyyələrinin əsas istinad nöqtəsi məhz ictimai maraq anlayışıdır: “İki gün sonra beynəlxalq ictimaiyyət 3 may-Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edəcək. Bu təqvim 1993-cü ildə UNESCO-nun təşəbbüsü ilə irəli sürülmüş və həmin il BMT Baş Assambleyası tərəfindən rəsmi şəkildə təsis edilmişdir. Tarix təsadüfi seçilməyib: 3 may 1991-ci ildə Namibiyanın paytaxtı Vindhuk şəhərində qəbul edilən “Windhoek Bəyannaməsi”nin ildönümünə uyğunlaşdırılıb.Bəyannamə mətbuat azadlığının əsas insan hüquqlarından biri olduğunu xatırladır, dövlətləri söz azadlığına hörmət etməyə çağırır, jurnalistlərin təhlükəsizliyinin və peşə müstəqilliyinin qorunmasının vacibliyini vurğulayır.Ümumdünya Mətbuat Azadlığı Günü dünyada medianın vəziyyətini qiymətləndirmək, jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarına diqqət çəkmək, habelə peşə fəaliyyətinə görə həyatını itirmiş jurnalistlərin xatirəsini yad etmək üçün qeyd olunur. Bu gün həm də cəmiyyətə azad və müstəqil medianın demokratiya, şəffaflıq və ictimai nəzarət üçün nə qədər vacib olduğunu xatırladır”.
Fotoda: Müşfiq Ələsgərli Ekspertin sözlərinə görə, Vindhuk şəhərində keçirilən konfrans həm də jurnalistikanın missiyası, fəaliyyət istiqamətləri barədə fikirləri təsnifatlaşdırır: “Konfransın yekunu olaraq qəbul edilən sənədlərdə medianın dövlət və hakimiyyət qurumları üzərində ictimai nəzarət səlahiyyətinin olduğu vurğulanır. Beləliklə, dövlətlə media arasında qarşılıqlı öhdəliklər yaranır: media cəmiyyətin maraqlarını qorumalı, onun adından ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Dövlət isə medianın fəaliyyəti üçün zəruri şərtləri təmin etməlidir”. Müşfiq Ələsgərli qeyd edir ki, jurnalistikanın və ümumilikdə peşəkar medianın başlıca missiyası cəmiyyətə dəqiq, etibarlı və obyektiv informasiya çatdırmaqdan ibarətdir: “Lakin media nəzəriyyələrində tez-tez belə bir sual müzakirə olunur: jurnalist doğru və təsdiqlənmiş hesab etdiyi bütün məlumatları auditoriyaya təqdim etməlidirmi? Bu sual təsadüfi deyil və jurnalistikanın peşəkar prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır. Çünki informasiya axını həddindən artıq genişdir və jurnalist, yaxud media qurumu bu çoxsaylı xəbərlər arasında ilkin seçim aparmağa məcburdur. Bu seçim prosesinin yekunu olaraq, yalnız ictimai əhəmiyyət daşıyan məlumatlar auditoriyaya təqdim edilir. Bəzi xəbərlər isə doğru və maraqlı olmasına baxmayaraq, onların yayılması ictimai maraq baxımından məqsədəuyğun hesab edilmir. Bu mənada əsas məsələ jurnalistin hansı meyarlara əsaslanaraq seçim etməsidir. Doğru olan, lakin yayılması cəmiyyət üçün fəsadlar törədən xəbərlərin müəyyənləşdirilməsi peşəkar jurnalistikanın ən vacib etik vəzifələrindən biridir”.Nəzəriyyələrdə qeyd olunur ki, jurnalist üçün əsas seçim meyarı məhz ictimai maraqdır. Bu kontekstdə vurğulanır ki, jurnalistin əsas vəzifəsi cəmiyyətin marağında olan informasiyaları ardıcıl şəkildə axtarmaq, onları müxtəlif mənbələrdən tapmaq, dəqiqlik baxımından emal etmək və sonda auditoriyaya çatdırmaqdır. Beləliklə, qısa şəkildə ifadə etsək, media nəzəriyyələrinin dayandığı başlıca prinsip ictimai maraq anlayışıdır. Yəni jurnalistin və ümumilikdə media subyektinin əsas missiyası cəmiyyət üçün əhəmiyyət daşıyan məlumatları müəyyənləşdirmək, onları yoxlamaq, dəqiqləşdirmək və peşəkar şəkildə ictimaiyyətə təqdim etməkdən ibarətdir”. Müşfiq Ələsgərli qeyd edib ki, dövlət və ictimai maraqların müdafiəsində əsas və həlledici meyar ictimai marağın tələbləri üzərində qurulmalıdır. Onun fikrincə, bu prinsip həm dövlət qurumları, həm də media orqanları arasında əməkdaşlığın təməlində dayanmalıdır və informasiya siyasəti məhz bu yanaşmaya əsaslanmalıdır: “Təəssüf ki, bəzən praktikada bunun tam əksi ilə rastlaşmaq olur. Bir sıra media subyektlərinin fəaliyyətində yalnız xəbərlərin seçimi deyil, ümumiyyətlə ictimai marağa uyğun informasiyaların düzgün filtrasiya edilərək auditoriyaya çatdırılması da yetərincə təmin olunmur. Əvəzində isə bəzi hallarda ictimai marağa zidd, dəqiqliyi şübhə doğuran, yaxud müxtəlif təsir və maraqlar naminə manipulyasiya edilmiş məlumatların yayılmasına üstünlük verilir. Bu cür yanaşma həm media nəzəriyyələrinin prinsiplərinə, həm mövcud qanunvericiliyə, həm də jurnalistlərin etik davranış kodeksinə açıq şəkildə zidd hesab olunur və peşəkar mediada qeyri-məqbul sayılır”. Aynur Abdınova / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.