ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Lənkəranda 61 yaşlı kişi qonşusu olan qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 16-da rayonun kəndələrindən birində baş verib. 1965-ci il təvəllüdlü Hətəm həmin gün saat 16 radələrində yaşadığı məhəllədə həmkəndlisi və qonşusu olan Tahirənin yaşadığı evin qarşısına gəlib. O, dəmir darvazaya yumruq və təpiklərlə zərbələr endirib, Tahirənin və ailə üzvlərinin ünvanına nalayiq küçə söyüşləri söyüb. Bu zaman Tahirənin küçəyə çıxaraq ona irad bildirməsi ilə əlaqədar aralarında yaranmış sözlü mübahisənin davamı olaraq, hər hansı bir səbəb olmadan onun ünvanına uca səslə nalayiq ifadələr işlədib. Daha sonra Tahirənin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib və üzərində olmuş dəmir materialdan hazırlanmış qıfılı, əlində olan istintaqla müəyyən edilməyən mətbəx bıçağını silah qismində istifadə edib. Hətəm dəmir qıfılı Tahirənin sifət nahiyəsinə ataraq onun sol gicgah nahiyəsinə xəsarət yetirib. Həmçinin əlindəki bıçaqla sol əl nahiyəsinə zərbə vurub. İş üzrə ifadə verən Hətəm ona elan olunmuş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, mayın 16-da bazardan evə gələrkən yaşadığı evin həyət qapısını açıb:Bu zaman Tahirə əlində bel ilə üstümə gəldi və nalayiq söyüşlərlə məni təhqir etməyə başladı. Həmin söyüşləri Tahirəyə qaytardım. Lakin həmin vaxt əlimdə heç bir bıçaq olmayıb. Ona doğru qıfıl atmamışam. Əksinə həmin mübahisədən sonra Tahirənin əri Məhəmməd məni dəmir parçası ilə ayağımdan vurdu. Həmin zərbə nəticəsində xəsarət aldım. Aldığım xəsarətdən özümü itirərək yerə yıxıldım. Bir müddətdən sonra ora polis əməkdaşları gəldilər. Məni də xəstəxanaya apardılar. Tahirə ilə qonşuyuq. Onun ailəsi ilə aramızda uzun illərdir ki, mübahisə var. Hətta bir neçə il əvvəl Tahirənin qaynı mənim evimə hücum edərək, evimin şüşələrini də sındırmışdı”.İş üzrə zərərçəkmiş Tahirənin sözlərinə görə qonşusu Hətəmlə arasında uzun müddətdir münaqişə var:“Münaqişənin əsas səbəbi Hətəmin həddindən artıq spirtli içki qəbul edərək, dəfələrlə ünvanıma nalayiq ifadələr işlətməsi olub. Məlum hadisə günü, saat 16 radələrində yaşadığım evdə olan zaman Hətəmin həyətdə olan darvazanı döyməsini və nalayiq ifadələr işlətməsini eşitdim. Buna görə həyətə düşərək darvazanı açdım və Hətəmdən darvazanı niyə döydüyünü soruşdum. O, ünvanıma nalayiq ifadə işlətdiyi üçün mən də onun ünvanına eyni sözləri işlətdim və darvazasının qarşısından çəkilməsini istədim. Həmin vaxt Hətəm əlində olan qapını kilidləmək üçün nəzərdə tutulmuş dəmir qıfılı sifət nahiyəmə atdı və həmin dəmir qıfıl sifətimin sol nahiyəsinə dəydi. Zərbənin təsirindən öz müvazinətimi itirdim. Hətəm üzərində olan mətbəx bıçağını çıxardaraq üzərimə gəldi. Hətəmin üzərimə bıçaqla gəldiyini gördüm və əlim ilə onun qarşısını almağa çalışdım. Bu zaman Hətəm əlində olan mətbəx bıçağı ilə sol əlimin iç nahiyəsinə bir zərbə vurdu”. Zərərçəkmiş qeyd edib ki, Hətəmin içkili olduğu üçün onun əlindən çıxaraq həyətə daxil olub və darvazanı bağlayıb: “Baş vermiş olayla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim. Lakin o, həyətində olan darvazanı döyməyə davam etdi. Daha sonra gedərək qonşuluqda yaşayan qardaşım oğlunun darvazasını təpiklə döyməyə başladı. Mən Hətəmin harada yıxılmasının və ayağından necə xəsarət almasını görməmişəm”.Bu cinayət işinə Lənkəran Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilib.Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və o, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.Təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, Cinayət Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən o, hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.