AZ

Məhəmmədhüseyn Şəhriyar: iki mədəniyyətin qovuşduğu poeziya zirvəsi

Bakı, 1 may, AZƏRTAC

Bu il XX əsr Şərq poeziyasının ən parlaq simalarından biri, Azərbaycanın və bütövlükdə Türk dünyasının qürur mənbəyi Məhəmməd Hüseyn Şəhriyarın 120 illik yubileyi qeyd olunur. Şəhriyar təkcə böyük şair deyil, həm də Azərbaycan və İran ədəbi mühitlərini birləşdirən mühüm mənəvi körpüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər açıqlamasında AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri elmi işçi Nazim Mənsimovun “Şərqin sönməz ulduzu: İki ədəbi dünyanın ustadı Məhəmmədhüseyn Şəhriyar” başlıqlı məqləsində yer alıb. Məqalədə bildirilir ki, 1906-cı ildə Təbrizdə doğulan sənətkar klassik fars poeziyasının incəliyini Azərbaycan türkünün səmimi ruhu ilə birləşdirərək nadir ədəbi sintez yaradıb. Onun yaradıcılığı göstərir ki, həqiqi sənət üçün sərhədlər yoxdur.

N.Mənsimov qeyd edir ki, Şəhriyarın yaradıcılığının əsas xüsusiyyətlərindən biri onun ikidilli olmasıdır. O, həm fars, həm də Azərbaycan türkcəsində yüksək səviyyəli əsərlər yazıb, hətta farsdilli şeirlərində belə türk təfəkkürünün izlərini qoruyub saxlayıb. Onun poetik dünyası fars dili, Azərbaycan türkcəsi və ərəb leksikasının vəhdəti üzərində qurulub.

O bildirib ki, şairin farsca yazdığı qəzəllər klassik ənənənin davamı olmaqla yanaşı, yeni ruh və səmimiyyət gətirir. Bu əsərlərdə Azərbaycan insanının dünyagörüşü və Təbriz mühiti aydın hiss olunur. Şəhriyar klassik qəliblərə xalq dilinin canlılığını daxil edərək ədəbiyyata yeni nəfəs verib. Onun yaradıcılığında ana dilinə bağlılıq xüsusi yer tutur. Şəhriyar dilin qorunmasını milli varlığın əsas şərti sayır və bunu sənətinin əsas prinsiplərindən birinə çevirirdi.

Müəllifin fikrincə, “Heydərbabaya salam” poeması isə onun yaradıcılığının zirvələrindən biri olmaqla, təkcə şəxsi xatirələrin deyil, bütöv bir xalqın mədəni yaddaşının poetik ifadəsidir. Bu əsər Azərbaycan türkcəsinin poetik imkanlarını geniş şəkildə nümayiş etdirir.

“Şəhriyarın 120 illik yubileyi sadəcə təqvim hadisəsi deyil, milli ədəbiyyatımızın və mənəvi dəyərlərimizin bayramıdır. Onun irsi milli və bəşəri dəyərlərin vəhdətini parlaq şəkildə əks etdirir. Şəhriyar həm Azərbaycan, həm də fars ədəbiyyatının ortaq dəyəri kimi daim yaşayacaq”, - deyə məqalədə vurğulanır.

Seçilən
36
1
azertag.az

2Mənbələr