AZ

Sel və daşqın fəsadlarının aradan qaldırılmasına dair Sərəncam dövlətin sosial məsuliyyətinin praktiki ifadəsidir - ŞƏRH

Bakı, 1 may, AZƏRTAC

Sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamı ölkə üçün mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu qərar dövlətin sosial məsuliyyətinin praktiki ifadəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, təbii fəlakətlər zamanı vətəndaşların maddi və sosial problemlərinin operativ şəkildə həll olunması cəmiyyətin dövlətə olan etimadını gücləndirir. Zərər çəkmiş əhalinin evlərinin bərpası, yeni yaşayış sahələrinin tikintisi və kompensasiya ödənişləri insanların həyat şəraitinin qısa müddətdə normallaşmasına imkan yaradır.

"Ayrılan vəsaitin infrastrukturun bərpasına yönəldilməsi — yolların, elektrik və su xətlərinin təmiri regionların iqtisadi aktivliyinin bərpası baxımından da böyük əhəmiyyətə malikdir. Bu, xüsusilə kənd və rayon yerlərində sosial-iqtisadi sabitliyin qorunmasına xidmət edir.

Sərəncamın digər mühüm tərəfi onun yalnız mövcud problemlərin həllinə deyil, gələcək risklərin azaldılmasına yönəlməsidir. İstinad divarlarının tikilməsi, drenaj və su ötürücü sistemlərin təkmilləşdirilməsi kimi tədbirlər iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlılığı artırır. Bu isə uzunmüddətli perspektivdə daha böyük itkilərin qarşısını almağa kömək edir.

Bundan əlavə, belə operativ qərarlar dövlət idarəçiliyinin effektivliyini nümayiş etdirir. Bir çox ölkələrdə oxşar hallarda yardım prosesləri gecikdiyi halda, Azərbaycanda mərkəzləşdirilmiş qərar mexanizmi sayəsində tədbirlər daha sürətli həyata keçirilir.

Ona görə də bu Sərəncam yalnız təbii fəlakətin nəticələrinin aradan qaldırılması deyil, həm də sosial rifahın qorunması, infrastrukturun inkişafı və ölkənin ümumi dayanıqlılığının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır",- deyə N. Həsənov vurğulayıb.

 

Seçilən
35
azertag.az

1Mənbələr