AZ

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

Dünyanın ən böyük şirkətləri artan enerji qiymətləri və qlobal qeyri-sabitlik səbəbindən xərclərini sabit saxlamaq və karbon emissiyalarını azaltmaq üçün yeni mexanizmlərə üz tutur. Bu mexanizmlərdən ən vaciblərindən biri uzunmüddətli enerji alışı müqavilələri (PPA) hesab olunur.

“The Guardian” qəzetinin məlumatına görə, son illərdə enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. Bu isə xüsusilə böyük həcmdə enerji istehlak edən şirkətlər üçün ciddi risklər yaradır. Məhz bu səbəbdən “Amazon”, “Meta” və “Apple” kimi korporasiyalar uzunmüddətli enerji alışı müqavilələrinə üstünlük verirlər. Bu müqavilələr şirkətlərə illər üzrə sabit qiymətlə enerji almağa imkan verir və bazardakı qiymət dalğalanmalarından qoruyur. PPA-lar həm də bərpa olunan enerji layihələrinin inkişafını stimullaşdırır. Günəş və külək elektrik stansiyaları yüksək ilkin investisiya tələb etdiyindən, uzunmüddətli müqavilələr investorlar üçün gəlir sabitliyi yaradır. Belə müqavilələrin müddəti adətən 5 ildən 20 ilə qədər davam edir.

Statistikaya görə, 2023-cü ildə şirkətlər dünya üzrə ümumilikdə 46 giqavat bərpa olunan enerji üçün PPA müqavilələri bağlayıb. 2008-ci ildən bu yana isə bu göstərici 200 giqavata çatıb ki, bu da bəzi böyük ölkələrin ümumi enerji istehsal gücünü üstələyir. Bu müqavilələr şirkətlərə onların “yaşıl enerji” istifadə etdiyini təsdiqləyən sertifikatlar təqdim edir. Bu isə həm davamlılıq hesabatları, həm də ekoloji imic baxımından mühüm rol oynayır. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr