AZ

Tarix güzgüsü: seçilən adlar, ibrətli əməllər Etibar Əhədov yazır

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Etibar ƏHƏDOV"Aşkarlıq" qəzetinin baş redaktoru

"Qırmızı partizanlar"ı xatırlayanda...

...Qarşımızda səhifələri çoxdan saralmış bir kağız var. 1917-1918-ci illərdə Lənkəranda fəaliyyət göstərmiş "Qırmızı partizanlar"ın siyahısıdır. Siyahını ötən əsrin 90-cı illərində dostum Hacı İdris Cəfərovla Veravul kəndində olarkən əmisi Şükür Cəfərov verib. Dediyinə görə, onu Digah kəndindən olan qayınatası Əhməddən alıb.

XIX əsrin ortalarından yerlərdə soyğunçuluq, talançılıq artmışdı. O vaxtlar qaçaq-quldurlar tərəfindən kəndlərə tez-tez basqınlar olur, evləri çalıb-çapır, xalqı talan edirdilər. Bir tərəfdən də erməni daşnakları at oynadırdılar. Hər kənddə üç-dörd nəfərin tüfəngi ya olar, ya olmazmış. Çoxu da yaba, dəryaz və digər dəmir alətlərlə silahlanmışdı.

Belə bir dövrdə quldurlarla mübarizə məqsədilə yerlərdə partizan dəstələri yaradılmışdı. Partizan təşkilatının gizli qərargahı Digah kəndində yerləşirdi, rəhbəri Bəhram Ağayev, qərargah rəisi Məmmədəli Əkbərov idi. Onlar "Qırmızı partizanlar"ı bir araya yığıb dəstələri birləşdirmişdilər.

Bu da siyahıya daxil edilmiş adlar: Məmmədəli Əkbərov, Əmrəli Əkbərov, Rəsul Musayev, Əbülfəz Qədirov, Bayram Qulu oğlu Məmmədov, Mirzəhəsən Heydərov, İsaq Məmmədov, Fərzi Qafarov, Rəzi Əsədov, Əhməd Məmmədov, Məmmədqulu Məmmədov, İsrafil Şükürov, Məcid Ramazanov, Feyzulla Əsgərov, Seydəli Mirəsgərov, Səttar Hüseynov (Bağırov), Səfərəli Şıxəliyev, Cabbar Əsədov, Fridrix Şeffer, Əli Şıxəliyev, Güləsi Məmmədov, Telman, Baloğlan, Barat...

Lənkəranın digər yerlərində yaradılmış partizan dəstələrində komissar Şükür, Nəsir Haqverdiyev, İlyas Axundzadə, Məmmədağa Kazımov, Səfərəli Köçəri oğlu, Salman Əkbərov, Ağa Məmmədli, Həşım Sadıqov, Əli Məmmədov, Mütəllim Kələntərli, Həmid Talışinski, Mustafa Quliyev, İosif Ponomaryov, Moisey Siviridov, İbrahim İsazadə, Tapışkin, Yaqub Şahbazi, İsgəndər Səmədzadə, Əhməd Axundov, Sara Medvedeva, çəkməçi Abdulla Mirzəyev, Əkbərxan Talışlı, Mikayıl Bağırov, Karapetov, Ağa Talışinski, İsmayıl Qənbərov, Abdulxalıq, Xudadat, İzzət Əliyev, Ələkbər Əliyev, Ələsgər Əliyev, Qulamhüseyn Qasımov, Ağamir Kazımov, Hacıbaba Əliyev, Ələsgər Fərzəliyev, Musa Ağayev, Musa Axundov, Zülfüqar Əhmədzadə və başqaları fəallıq göstərmişdilər.

Ötən əsrin 70-ci illərində şair Mirzə İsmayıl Qasirin nəvəsi, geoloq-mühəndis İshaq Axundov siyahı ilə maraqlandı. Dedi ki, 1937-1938-ci illərdə qırmızı partizanların əksəriyyəti "xalq düşməni" adı ilə həbs edilmişdi. Bir qismi Bakıda güllələnmiş, digərləri isə sürgün olunmuşdular. Sürgündən siyahıda adı çəkilənlərdən Şirəli Axundov, İsgəndər Səmədzadə, Həşim Sadıqov və Fridrix Şeffer qayıda biliblər. Sürgünlük dövründə onların da sağlamlığı ağır zədələr almışdı.

Camal Paşa Gərmətükdə

Lənkəranın keçmişi ilə bağlı tarixçi-müəllim Əlibala Nurullayevlə neçə-neçə maraqlı yazı hazırlamışıq. Sonra Lənkəran Ağasaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov da bizə qoşuldu. 2014-cü ildə birgə hazırladığımız "Gərmətük salnaməsi" kitabı işıq üzü gördü. Maraqlı kitabdır. Nələr yazılmayıb bu kitabda?! Oradan öyrənmək mümkündür ki, vaxt olub, igidlər silaha sarılıb qaçaq-quldurlarla, erməni daşnakları ilə mübarizə aparıblar. Sonra partizan dəstələri yaradaraq pusquya keçiblər. Bu dövrdə Camal Paşanın qərargahı Gərmətükdə Kərbəlayı Nurullanın evində yerləşirdi. Qərargahı 300 nəfərdən çox döyüşçü mühafizə edirdi.

- Qəni Nurullayev (1905-1998), Əbülqasım Qasımov (1911-2001) Camal Paşanı yaxından görmüşdülər, - Əlibala müəllim deyir. - Camal Paşa sağlam bədənli, eyni zamanda sərt və qəddar adam kimi tanınırdı. Hətta öz əsgər və zabitlərinə qarşı da çox sərt imiş. Qanun-qaydanı pozanı qırmancla döyər, ayaqlarını fallaqaya saldırarmış. Camal Paşanın yarım metr uzunluğunda bəzəkli bir əl ağacı olub. Onu həmişə əlində oynadarmış. Həm yürüşdə, həm də döyüşdə ordunun qabağında olar və deyərmiş: "Gavur gülləsi mənə dəyməz!" Yay-qış soyuq su ilə çimərmiş. Camal Paşa inqilabi hərəkata qoşulanlara, oğrulara qarşı amansız olub.

Başlarına çadra örtən "Qırmızı partizanlar" qadın geyimində həyətləri gəzə-gəzə təbliğat aparırmışlar.

Camal Paşa Gərmətükdən olan Hüseynəli Şirəli oğlunu və Digah kəndindən olan "Qırmızı partizanlar"ın başçısı Məmmədəli Əkbərovu Güləli Cabbar oğlunun həyətində ağaca sarıtdırıb. Belə bir vaxtda Məmmədəli Əkbərovun Şilavardakı babası Məşədi Ağarəhim el arasında böyük hörmət və nüfuz sahibi olan Məşədi Qasıma (müəllim Əbülqasım Qasımovun babası - red.) onların əfv edilməsində kömək göstərməsini xahiş edir. Ağsaqqallar əllərində Quranla Camal Paşanın yanına gəlirlər. Bu vəziyyəti görən kənd camaatı da onlara qoşulur. Camal Paşa gəlişlərinin məqsədini soruşduqda Hacı İsa axund deyir:

- Paşa əfəndiləri, biz bilirik ki, müsəlman qardaşlarımız olan sizlər, öz müsəlman qardaşlarınız olan bizləri xilas etməyə gəlmisiniz. Allah sizlərə yar olsun. Biz səni bu müqəddəs Qurana and veririk ki, ölüm təhlükəsi altında olan, ağaclara sarıdığınız bu iki gənci əfv edəsiniz. Cavandırlar, səhv ediblər, daha belə hərəkətlərə yol verməzlər.

Camal Paşa camaatın diqqətinin onda olduğunu gördükdə müsəlmanların xilaskarı kimi Quranı alıb gözlərinə tərəf aparır və üç dəfə öpür. Bundan sonra cavanları azad etmək haqqında göstəriş verir.

O illərin canlı şahidi Əbülqasım Qasımov deyirdi:

- Babam Məşədi Qasım həmin cavanları evə gətirmişdi. Yemək tədarükünü gördükdə Məmmədəli Əkbərov dedi ki, səhərdən ölüm hökmünü gözləyirdik. Ac da olsaq, boğazımızdan indi heç nə keçməz. Yaxşılığa görə çox sağ olun, evdəkiləri incitməyin.

Babam dedi ki, sizi Quranın gücünə azad etdik. Bu gün, ya sabah sizi başqa bəhanə ilə yaxalaya bilərlər, onda heç kəs sizi qurtara bilməz. Yaxşısı budur ki, bu gecədən kəndi tərk edəsiniz (S.Məmmədov, Ə.Nurullayev, E.Əhədov. Gərmətük salnaməsi, B., 2014, səh. 76).

Pozulmaz izlər

İllər keçəndən sonra İshaq Axundov xatirələrində yazacaqdı: "Çox vaxt Ağa Məmmədli məni Gərmətükə - Ağamirgilə göndərərdi. Bir dəfə Havzavaya, Mirzə Şirəligilə getmişəm. Qalan vaxtlarda şəhərin indiki Həzi Aslanov küçəsindəki evinə gedirdim. Kəndlərə məni göndərəndə dayımgilin itini də özümlə aparırdım. Çünki kəndlərdə o zaman çoxlu it olardı. Öz itimin xaltasına bağladığım ipi həmişə əlimdə tuturdum. Mən kəndlərə gedəndə çox vaxt yoldaşlarımdan da götürürdüm ki, yolda oynaya-oynaya gedib-gələk. Həmişə də mənə tapşırırdılar ki, hara, kimin yanına getmək barədə heç kimə bir söz deməyim.

Bununla demək istəyirəm ki, özüm də bilmədən Lənkəran inqilabçılarına xidmət edirmişəm. Sonralar Həşim Sadıqov zarafatla deyirdi ki, İshaq, itin bizə səndən yaxşı kömək edirdi. 1958-ci ildə mən "Qırmızı partizanlar"dan olmuş bibim oğlu doktor İlyas Axundzadənin evinə getmişdim. Orada Fridrix Şeffer məni görən kimi tanıdı. Şeffer mənim bibim oğlu ilə 18 il sürgündə olmuşdu".

Yeni nəsilin gözüylə...

Bu gün sovet hakimiyyəti uğrunda mübarizə aparanlar haqqında danışmağın, bəlkə də, yeri deyil. Amma hər halda bu da bir tarixdir. Axı hər dövrün öz tələbi, öz qəhrəmanları var. Onlar öz mətinliyi, prinsipiallığı ilə cəmiyyəti yeni addımlara səfərbər etmiş, öz düşüncələrinə uyğun vətəndaşlıq borcunu yerinə yetirmişlər. Demək, ata-babalarımızın keçdiyi yol müəyyən mənada xalqa məxsus bir yoldur.

Artıq tamam yeni nəsil yetişib. Bugünkü nəsilə yeni həyat qurmaq səadəti nəsib olub. Oğul və qızlarımız sabaha doğru inamla addımlayırlar. Vətənpərvərliyi, yeni ideyaları ilə seçilən gənclik ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında getdikcə daha fəal rol oynayır. Azərbaycanın Tarixi Zəfərinin əldə edilməsində gənclərimizin misilsiz xidmətləri var. Sinəsini qabağa verib canını fəda edənlər əsl qəhrəmandırlar!

Xalqımızın ən yaxşı ənənələri bu gün də yaşadılır. İllər öz axarınca, hiss edilmədən keçir. Bir baxın, hər ötən gün tarixə çevrilir. Hiss edirsən ki, heç nə yaddan çıxmayıb, heç nə unudulmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
525.az

1Mənbələr