AZ

Təsadüf, yoxsa tarix təkrar olunur? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Ələsgər Süleymanov, jurnalist:

- Görürəm hamı havaların sərin, yağıntılı keçməsindən şikayət edir. Amma nahaq. Avropa və ya başqa ölkələrə gedəndə yaşıllıqdan zövq alırıq, arzu edirik ki, bizdə də belə yaşıllıq olsun, toz az olsun. Biz öyrənmişik apreldə od tökülən istilər düşsün, otu-yaşıllığı 10 günün içində saraldıb samana döndərsin. Yaz belə yaxşıdı, sərin-sərin gəlsin. Ot örtüyü uzun müddət yaşıl qalsın. Avropa həyatına öyrənin də sizlər də.

Ədalət Muradov, professor:

- İsveçdə universitetlərdə gördüklərimiz bir sıra özəllikləri görməyə və əməkdaşlıq istiqamətlərini dəqiqləşdirməyə imkan verdi. Belə ki, İsveç ali təhsili rəqəmsallaşma səviyyəsinə görə Avropanın liderlərindəndir. Tam rəqəmsal tələbə sistemləri və LMS geniş istifadə olunur, onlayn və hibrid təhsil inkişaf edib, Data əsaslı idarəetmə və analitika tətbiq olunur. Süni İntellektin (Sİ) üstünlüklərindən istifadəyə çox maraq göstərilir və təqdirəlayiqdir ki, Süni İntellektin ali təhsildə tətbiqinə yanaşma balanslıdır. Adaptiv öyrənmə sistemləri, avtomatlaşdırılmış qiymətləndirmə, tədqiqatda Sİ geniş istifadə edilir. Eyni zamanda Süni İntellektin tətbiqində etik qaydalar çox sərtdir. Süni İntellektin müəllimi əvəz etməsi fikrinə yanaşma mənfidir və əsasən dəstək aləti kimi qəbul edilir.

Esmira Qasımova, jurnalist:

- Rayondan toydan gəlirdim. Gecə 23 radələrində idarə etdiyim avtomibili H.Əliyev sarayı istiqamətində DYP əməkdaşı saxladı. Yaxınlaşdı, ədəb-ərkanla özünü təqdim etdi. Saxlanma səbəbimi soruşdum. Dedi, sürücülük vəsiqəniz deaktivdir. Dedim, anlaşılmazlıq var. Vəsiqəmi istədi, verdim. "Etibarlılıq müddəti 15 mart 2026-da bitib. Deməli, avtomobili sənədsiz idarə edirsiniz sayılır. Protokol yazılmalıdır". Məsələdən indi xəbər tutduğumu bildirdim, ilk dəfə olduğu üçün güzəşt edilməsini istədim. Adını yadımda saxlamadığım DYP əməkdaşı çox çək-çevir etmədi, avtomibildə olan yoldaşımın sürücülük hüququnun və vəsiqəsinin olub-olmadığını soruşaraq sükan arxasına onun keçməsini tələb etdi. Bu gün isə ASAN xidmətə gedib vəsiqəmi dəyişdim. Sənəd qəbulu saat 16:30-da bitdiyi halda saat 16:38-də məni geri qaytarmadılar. Sonuncu şəxs kimi müvafiq pəncərəyə yönəltdilər. Bir neçə dəqiqə ərzində köhnə sürücülük vəsiqəm yenisiylə əvəzləndi. Hər dəfə neqativləri yazmalı deyilik ki. Pozitiv halları da təşviq edək. Bizim ASAN Xidmətin doğrudan da analoqu yoxdur. İki övladı dünyanın ən inkişaf etmiş ölkəsində təhsil alan valideyn kimi qeyd etməliyəm ki, bizdə sənədləşmə proseslərində bürokratik əngəllər tamamən aradan qaldırılıb. Bunun dəyərini bilək. Xarici ölkələrdə insanlar hələ də bunun əziyyətini çəkirlər. ASAN Xidmətə, eyni zamanda DİN-in əməkdaşına, vətəndaşla anlayışlı davranışlarına görə təşəkkür etməyi isə borc bilirəm. Xüsusi vurğulayım ki, heç bir qurum jurnalist olduğumu bilmirdi.

Vüsal Məmmədov, jurnalist:

- İranla müharibə indiyə qədər ABŞ büdcəsinə 61 milyard dollara başa gəlib. Hörmüz boğazının bağlanmasının Avropa İttifaqına (Aİ) vurduğu ziyan isə 25 milyard avrodur. Bu da təxminən 30 milyard dollar edir. Yəni Aİ döyüşmədiyi halda, az qala döyüşən tərəfin çəkdiyi xərcin yarısı qədər ziyana düşüb. İndiki vəziyyət qalmaqda davam edərsə, bir müddətdən sonra hətta Avropanın üzləşdiyi ziyanın məbləği ABŞ-nin çəkdiyi xərcdən daha çox olacaq. Çünki Amerika passiv müharibədə əvvəlki qədər xərcləmir (hazırda gündə təxminən 1 milyard dollar gedir), Aİ-nin xərcləri isə dərinləşən böhran üzündən getdikcə çoxalır. Qəribə vəziyyətdir: Müharibəni ABŞ başlayıb, ziyanını Aİ çəkir.

Dilqəm Əhməd, jurnalist:

- Bir müddətdir İrəvan bölgəsindən erməni zülmünə görə Türkiyəyə köçləri araşdırıram. Həm rəsmi sənədlərə baxıram, həm də xatirələrə. Xatirələrdə hadisələrin dəhşətini və vəhşətini daha aydın duymaq olur. Əsasən də qərb istiqamətindən bölgəmizə gələn erməni dəstələrinin törətdikləri qətliamlar, yağmalar daha böyük faciələrə səbəb olub. Onlar həm İrəvanda, həm Zəngəzurda, həm Naxçıvanda, həm də Qarabağda qırğınlar törədiblər. Bakı və ətrafında Şaumyanın törətdiyi mart soyqırımı isə daha böyük faciədir ki, biz onu rəsmi şəkildə soyqırımı adlandırmışıq. Ayrıca ermənilər Qars, Ərzurum, İğdırda da eyni qətliamları törədiblər.

Əsrin sonunda isə ermənilər Xocalı soyqırımı başda olmaqla çoxsaylı cinayətlərə yol verdilər. Vətən müharibəsi zamanı Bərdə və Gəncəyə hücumları da ən son cinayətləri oldu.

Amma Azərbaycan əsilzadə davranış sərgiləyərək torpaqlarımızı azad etdikdən sonra dinc yaşamaq, Qafqazda əbədi sülh üçün hər şeyi etdi. Hazırda da bu istiqamətdə mühüm işlər gedir. Baxmayaraq ki, müharibənin qızışması, iyul hadisələri və sair bildiyiniz şeylər Paşinyanın vaxtında oldu, amma onu da görürük ki, erməni Baş nazir hər cür provakasiyanın, daşnak təfəkkürün əleyhinədir. Yəni sülh üçün tarixi fürsət ələ keçib, Tramp da bu işdə vasitəçilik edir, bir sözlə, müsbətə doğru gedir. Paşinyanın Türk bayrağına qarşı edilənlərə münasibəti də göz qabağındadır.

Amma bütün bu müsbət hadisələrin fonunda müharibədən sonra tifaqı dağılmış erməni lobbisi Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin timsalında özünə can vermək istəyir.

Cənab Mamdani gərək həm keçmişə qarşı ədalətli olsun, həm də gələcəyə baxsın. Hər halda Qafqazdakı ermənilər, Qafqazdakı ermənilərin başçısı özləri üçün ən doğru yolu seçiblər. İndiki halda keçmişə söykənmək gərəkərsə, o zaman 31 martda Mamdani daha geniş bəyanat verməli, gəlib Xocalı soyqırımı abidəsinə gül dəstəsi qoymalıdır.

Qafqaz rus işğalından bəri böyük güclərin oylağına çevrilib. Arzu edirik ki, sönmüş münaqişə ocağını istər Amerikadan, istər Rusiyadan, istər bölgəmizdə xarici əllərin yenidən alovlandırması mümkün olmasın.

Zaur Əliyev, professor:

- Təsadüf, yoxsa tarix təkrar olunur?

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen demokratlar partiyasının tərəfdarı olub.

Eynilə 30 mart 1981-ci ildə "Vaşinqton Hilton" otelində prezident Ronald Reyqan olan tədbirdə atəş açan Con Hinkli də hücum zamanı demokrat partiyasının tərəfdarı idi.

Tramp olan tədbirdə atəş açan K.Allen 2017-ci ildə Kaliforniya Texnologiya İnstitutundan məzun olub. Reyqana atəş açan Con Hinkli də Texas Texnologiya Universitetində müəyyən fasilələrlə təhsil alıb.

Hər iki hadisədə hücumu planlayanlar tək hərəkət ediblər. Reyqana sui qəsdi planlayan qəzet və jurnallardan ibarət məlumatlar bazası toplayıbsa, Trampa hücum edən rəqəmsal informasiyalardan ibarət faylı olub.

Polis və FBİ Allenin kompüterində 1981-ci il hadisəsinin videolarını, "Vaşinqton Hilton"un memarlıq planlarını və Hinklinin məhkəmə ifadələrini tapıb.

Con Hinkli, hadisədən sonra məhkəmə tərəfindən psixi pozuntusu olduğu rəsmən təsdiqləndi.

Koul Allen də hadisədən dərhal sonra xəstəxanada psixoloji müayinəyə götürüldü. Onun hərəkətləri də eyni maddə ilə eyni hesab edilir.

Hinklinin barəsində yazılanlara görə, o, cəmiyyətdən qaçan, dostu olmayan və vaxtının çoxunu tək keçirən bir gənc idi. O, real dünya ilə deyil, filmlər və xəyalları ilə yaşayırdı

Allen həm də bir video oyun tərtibatçısı idi. O, Steam platforması üçün kimya əsaslı oyun hazırlamışdı və son dövrlərdə silahlı hücumlar olan oyunları 1.99 dollara yükləmə proqramlarında satışını həyata keçirir.

Bu, Con Hinklinin özünü "Taksi sürücüsü" filminin qəhrəmanı hesab etməsi ilə çox bənzərdir - hər ikisi reallıqla virtual/kino dünyası arasında özlərini axtarmağa çalışırlar.

Hinkli hadisədən əvvəl həmin ərazidəki otellərdə qalmış idi. Allen isə "Vaşinqton Hilton"un özündə otaq kirayələmişdi.

31 yaşlı Allen haqqında qərb mediasının yazdığına görə, ayın müəllimi olmasına baxmayaraq, son dövrlərdə onun daha qapalı həyat sürməsi və fərdi şəkildə hərəkət etməsi diqqət çəkir.

Film kimi olan hadisəyə baxın:

Dünən ilk gülləni Trampın mühafizəçisi aldı, zirehli gödəkcə onu xilas elədi. Reyqanın da mühafizəçisi Timoti Makkarti ilk gülləni alan şəxs idi. Reyqana güllə birbaşa dəyməmişdi, rikoşetlə  ağciyərinə girmişdi. Allenin də atdığı güllə rikoşetlə mühafizəçiyə dəyib.

Hər iki hadisə ABŞ-ın siyasi baxımdan çox gərgin olduğu bir dövrdə baş verib. 1981-ci ildə Reyqan yeni seçilmişdi və ölkə soyuq müharibənin gərginliyini yaşayırdı. 2026-cı ildə isə Trampın apardığı siyasət və Amerikanın yaşadığı həyat qırmızı xətti keçib.

Birinci hadisədən sonra Reyqan bunu bəhanə edərək bütün Amerika siyasəti ilə bağlı məlumatları  mediaya verməkdən imtina elədi və jurnalistlər ilə açıq görüşlərdən qaçdı. İndi də Tramp onun üzərinə çoxsaylı suallar ilə gələn medianı uzaq tutmağa çalışacaq.

Tural İrfan, yazar:

- Ərəb mediasının iddiasına görə, İran Körfəz ölkələrindəki ABŞ radarlarını vurduqdan sonra son 7 ildə ilk dəfə bu ölkələrə gur yağış yağmağa, hətta sədlər daşmağa başlayıb.

Kərim Kərimli, jurnalist:

- Şuşa şəhərində altısinifli Realnı məktəbin əsası 1881-ci ildə qoyulub və məktəb 20 sentyabr 1881-ci ildə fəaliyyətə başlayıb.

Bu məktəbdə Şuşamızın yetirmələri olan çox görkəmili şəxsiyyətlər dərs deyib və oxuyub.

Bu il məktəbin yubiley ilidir, 145 yaşı tamam olur.

Hazırda məktəbin sonuncu binasında təmir-bərpa işləri aparılır.

Zənnimcə, ilin ikinci yarısında məktəbin yubileyini yüksək səviyyədə, təntənəli şəkildə qeyd etmək yerinə düşərdi.

Anar Xanlarov, jurnalist:

- CBC Sportdən süjetə baxıram, güləşçilərimiz Albaniyadan Avropa çempionatından qayıdıb, komanda hesabında Avropa çempionu olublar. Dörd nəfəri danışdırdılar, üç idmançı, bir baş məşqçi. Hamısı da rus dilində danışırdı. Çünki üçü rus, biri gürcü idi. Gürcü gəlib Azərbaycanı Avropa çempionatına təmsil edir. Görəsən, kimi aldadırıq? Bunun Azərbaycan güləşinə, Azərbaycanda güləşin inkişafına nə aidiyyəti var? Tarixi güləş ənənəsi olan Azərbaycanda niyə milli komanda bütünlüklə əcnəbilərdən qurulmalıdır? Arada futbolun başını buraxıb bu məsələlərə də diqqət ayırmalıyıq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
525.az

1Mənbələr