AZ

“Məlumat verilmədən ödənişim dayandırıldı” Naşirlə tərcüməçi arasında qonorar davası

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Qanun” nəşriyyatında “maliyyə çətinliyi səbəbilə” tərcümə edənin cibinə girmək premium məsələdir. Maraqlısı odur ki, “maliyyə çətinliyi” yalnız tərcüməçinin cibində aktivləşir, amma nəşriyyatın planlarında yox olur. Nəşriyyat işləyir, kitablar çap olunur, satış davam edir, maaşlar verilir, amma söhbət kənar əməkdaşların, tərcümə edənlərin zəhməthaqqına gələndə “böhran peyda olur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tərcüməçi Arzu Qazıyeva sosial şəbəkə hesabında paylaşım edib.

Tərcüməçi bildirib ki, Benjamin Qremin “Ağıllı sərmayədar” kitabını tərcüməyə götürəndə nəşriyyatın sahibi ilə qiymətini əvvəlcədən razılaşıblar. Lakin sonradan razılaşmanın üzərindən xətt çəkilib:

“Razılaşmanın predmeti: kitab iqtisadi məzmunlu, dərsliyə yaxın, terminləri, akademik tərzi olan bir əsərdi. 500-dən çox səhifəli kitabda 1 040 388 işarə var, üstəlik, nə üçünsə işarə hesabına daxil olmayan 97 sayda irili-xırdalı zəhlətökən cədvəl və çertyojlar - əgər onlar da işarə hesabına daxil olsaydı, total sayı 2 milyona yaxın olardı. Buna görə, zəhməti çoxdur, məsuliyyət böyükdür, qarşılıq heç olmasa işin miqyasına yaxın olmalıdır. Qarşılıq da ondan ibarət idi ki, ənənəvi olan 2000 işarənin 6 manatdan hesablanan tərcüməni 1 manat artıq, yəni 7 manatdan hesablanmasını istədim. Mənim xahişim nəzərə alındı, razılaşdıq, əmin edildim və mən tərcüməyə başladım. 

Tərcüməni hələ iki il əvvəl, 2024-cü ilin aprelində təhvil verdim. Lakin qonorarımı bu 2 illik müddət ərzində ölüm-zülümlə almağa başladım. Səbəb kimi maliyyə problemləri göstərilirdi. 

Ödənişim tam bitməmiş mənə məlumat vermədən, razılığımı almadan qonorarım dayandırıldı. Mühasibatlığa zəng edəndə mənə bildirdilər ki, nəşriyyat razılaşmamızın üstündən xətt çəkib. 

Səbəbini öyrənəndə Şahbaz Xuduoğlunun cavabları məni heyrətləndirdi. Maliyyə çətinlikləri var, amma çıxış yolu ödənişin təxirə salınması, möhlət verilməsi və ya aylıq məbləği azaltmaq deyil, halbuki ədalətli yol olardı. Bu, zəhməthaqqını sonuna çatanda ümumiyyətlə verməməkdir. 6 manatla 7 manat arasındakı “1 manat 20 qəpik”lik fərq 520 manatdır. Bu məbləğ sizi kasıb etmədiyi kimi, məni də varlı etməyəcək. Bu məbləğ tərəflər arasındakı düzgünlüyün, dürüstlüyün və etibarın qiyməti, mənimsə halal zəhməthaqqımdır”. 

Məsələ ilə bağlı “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu “Qafqazinfo”ya bildirdi ki, tərcüməçinin iddiaları qonorarın az verilməsi ilə bağlıdır. Naşir bildirib ki, onun ödənişinin tez həyata keçirilməsi üçün xüsusi göstəriş də verilib:

“2018-ci ildə Arzu Qazıyeva bizə müraciət edib. Mən onu çoxdan tanıdığım şəxs və bir neçə şəxsin zəmanəti ilə daha doğrusu təklifi ilə razılaşdım. Dedilər ki, işdən gedib, imkanları var, savadlı insandır, tərcümə etsin. Mən də bizim tərcümə koordinatoruna demişəm ki, onunla tərcümə ilə bağlı münasibətlər qurulsun.

Ondan sonra zaman-zaman maliyyə ödənişlərində çətinliklər olub. Mən həmişə koordinatorlara demişəm ki, ona xüsusi münasibət olsun. Sonuncu dəfə də görəndə də dəvət etmişəm, “nə məsələdir?” deyə soruşmuşam. Deyib ki, qonorarlarını kəsiblər.

Mən də kimə nə qədər qonorar verildiyini dəqiq bilmirəm. Mühasibatlıqdan soruşdum, dedilər ki, əvvəllər 5 manat, sonra 6 manat ödəmişik və 6 manat hesabı ilə də onun qonorarını tam bağlamışıq. Onun qonorarının tez ödənilməsi üçün də xüsusi tapşırıq vermişdim ki, borclu qalmayaq”.

Ş.Xuduoğlu əlavə edib ki, yayda baş tutacaq sərgilərdən sonra borcların  bağlanmasını nəzərdə tutublar.

“Ümumiyyətlə, borclu qaldığımız tərcüməçilər var. İndi yay aylarıdır, sərgilər gəlir və bu müddətdə çalışırıq ki, həmin borcları verib qapadaq. Arzu xanım bir az hövsələsizliklə belə bir paylaşım edib. Məncə, bunlar iş etikasına uyğun deyil. Arzu xanım qalan o bir manat borcu görür, amma ona verilən təxminən 9000 manat qonorarını görmür. İnsan gərək əvvəl onu görsün və öz əməyinə hörmətlə yanaşsın. Mən belə hesab edirəm ki, ən doğru yanaşma da budur.

Bütün hallarda iş verən həmişə günahkar olur. Kimsə deyə bilər ki, bu kiçik məsələ idi, yola verərdiniz. Amma məsələ yola verməkdən getmir. Görürsən ki, təcrübəli adamdır, jurnalistika mühitində olub, oturub söhbət edirsən, çay, konfet, şokolad təklif edirsən, normal ünsiyyət qurursan, amma sonradan belə vəziyyət yaranır. Yəni, görünür ki, bu qidalanma yalnız yeni doğulan uşaqlara yox, elə yaşlı insanlara da təsir eləyir”, - naşir qeyd edib.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
qafqazinfo.az

1Mənbələr