AZ

Sumqayıt səhnəsində “Gəlinlərin savaşı”

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesinin motivləri əsasında “Gəlinlərin savaşı” tamaşası Sumqayıt Dövlət Dram Teatrının (SDDT) səhnəsində uğurla oynanılıb.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorlar Ümid Abbaszadə və Ləman Məmmədli, quruluşçu rəssam Osman Salmanov, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor assistenti isə Fazilə Rzayevadır.

Xatırladaq ki, bu, əsər tamaşaçı auditoriyasına əvvəldən də tanış idi. Hələ 2002-ci ildə rejissor Məhərrəm Bədirzadənin quruluşunda pyesin motivləri əsasında tammetrajlı bədii televiziya filmi çəkilib. Sumqayıt teatrının səhnəsində də illər öncə eyniadlı tamaşa oynanılıb. O zaman gəlinlərdən birinin rolunu oynamış Əməkdar artist İlahə Səfərova bu dəfə artıq Qayınana obrazını ustalıqla canlandırdı. İndi isə gəlinlərdən birini onun gənc adaşı və həmsoyadı İlahə Səfərova oynayır.

Eyni əsərə təkrar müraciətin əsas səbəbi mövzunun bu gün də aktual olmasıdır. Buna görə də tanış əsər olmasına baxmayaraq, yeni quruluşda “Gəlinlərin savaşı”nın premyerası da, növbəti tamaşası da anşlaqla keçdi.

Qayınana-gəlin münaqişəsindən bəhs edən əsərdə gəlinlər Şərəf xanıma aşkar saymazlıq göstərirlər. Onların eqosu və qayınanaya qarşı sərt davranışları ailədə gərginlik yaradır. Qadınlar arasındakı psixoloji qarşıdurma güclənir. Lakin müdrik və təmkinli qayınana vəziyyəti nəzarətə alaraq ailədaxili harmoniyanı bərpa edir. Arvadlarının öhdəsindən gələ bilməyən oğullar da Şərəfin “sərvət dopdolu sandıq” fəndinin sayəsində rahatlıq tapırlar.

Beləliklə, ailə dramına yumor prizmasından yanaşılan, ərköyün gəlinlərlə sülhsevər qayınananın qarşıdurması üzərində qurulan komediya maraqla izlənildi. Səhnədə məişət münaqişələrinin doğurduğu vəziyyətlər tamaşaçını həm əyləndirdi, həm də düşünməyə vadar etdi.

Maraqla baxdığımız tamaşanın rol bölgüsü də uğurlu aparılıb. Əməkdar artist İlahə Səfərova (Şərəf), aktyorlar Şəmistan Süleymanlı (Fikrət), Kamran Muradlı (Nahid) və Emil Həmidov (Akif), eləcə də Məryəm Hüseynli (Əsmər), İlahə Səfərova (Xavər), Aynur Hümmətovanın (Dilbər) ifaları səhnə əsərinə təbiilik və dinamika qatdı.

Əli NƏCƏFXANLIXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr