AZ

“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Azərbaycanda kredit faizlərinin yüksək olması təkcə biznes mühitinin inkişafına deyil, vətəndaşların rifahına da mənfi təsir göstərir. Bu məsələni ayrı-ayrı mütəxəssislərin, hətta Milli Məclis üzvlərinin dəfələrlə qaldırmasına baxmayaraq, kredit faizləri azalmaq əvəzinə daha da artır.

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli kredit faizlərinin artıq faktiki ağır “kredit vergisi”nə çevrildiyini və vətəndaş üçün çəkilməz yük olduğunu paylaşımında qeyd edib:

“Vətəndaş “kredit vergisi” altında əzilir. Bəli, “de-yure” olmasa da, faktiki olaraq kredit faizləri “vergi” növüdür, yükdür.

Bu ilin ilk rübündə kredit kartları vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 27%-ə yüksəlib. Müqayisə üçün: 2025-ci ilin eyni dövründə kartla verilən kreditlər üzrə faiz dərəcəsi 25% təşkil edib.

Rüblük olaraq məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə faiz dərəcəsi 26%, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 18%, avtomobil kreditləri üzrə isə 13% səviyyəsində formalaşıb. Müqaisə üçün: 2025-ci ilin birinci rübündə yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 16% və avtomobil kreditləri üzrə isə 12% səviyyəsində idi.

İstehlak kreditlərinin ümumi həcmi 31 mart 2026-cı il tarixinə 9,5 mlrd. manat təşkil edib. Yəni, vətəndaşın tək istehlak kreditlərinə görə 10 mlrd. manata yaxın borc yükü və ölkədə uşaqlı-böyüklü hamını nəzərə alsaq, hər 3 nəfərdən birinin kredit borcu var. Kredit borcu olan vətəndaşların sayı, rəsmi əmək müqaviləsi ilə çalışan insanların sayından, hardasa, 500 min nəfər çoxdur.

Bu rəqəmlər ölkə iqtisadiyyatında iqtisadi alətlərin işləmədiyinin əyani sübutudur: Mərkəzi Bank doğru olaraq uçot faiz dərəcələrini aşağı salır – məntiqlə, kredit faizləri paralel olaraq ucuzlaşmalıdır, amma, ölkədə normal, hesab-kitabla ölçülə bilən, elmi yanaşma ilə izahı olan iqtisadi model olmadığına, iqtisadiyyat hüquqşünaslar tərəfindən “əl ilə” idarə olunduğuna görə kredit faizləri artır. Başqa sözlə, bu iqtisadi model effektiv, sürdürüləbilən deyil...”

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
4
azpolitika.info

5Mənbələr