AZ

Gənclər postkolonial dövrdə

Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub.

Forumda ümumilikdə 17 ölkədən nümayəndələr öz təcrübələrini bölüşüblər. Eyni zamanda, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbə və tədqiqatçılar foruma qatılıb.

Açılış mərasimində çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, 2023-cü ildən bu günədək qrup tərəfindən kolonial və neokolonial siyasətlərin nəticələri, dekolonizasiya məsələləri, insan hüquqlarının, yerli xalqların və etnik azlıqların hüquqlarının qorunması kimi mövzulara həsr olunmuş 35-dən çox beynəlxalq tədbir uğurla təşkil olunub.

Sonra BMT-nin Gənclər Ofisinin nümayəndəsi Adelin Pierrenin qurumun dəstək mesajını əks etdirən videomüraciəti dinlənilib.

Abbas Abbasovun moderatorluğu ilə keçən müzakirələrdə Qabondan olan siyasi elmlər tədqiqatçısı Angelika İvala, Kanadanın “Panth Punjab” layihəsinin sədri Akashdeep Singh Chahai, Afrika üzrə İqlim Məsləhətləri Bürosunun Keniyadan olan redaktoru Brian Ngigi, Reunyonda "Ka-Ubuntu" azadlıq hərəkatının həmtəsisçisi və sədri Romain Katambara, “Global Family Media” şirkətinin əməliyyatlar üzrə direktoru, Ruandadan olan Umuhoza Natete Veriten və başqaları çıxış edərək, müstəmləkəçiliyin formal olaraq sona çatmasına baxmayaraq, onun struktur nəticələrinin bu gün də müxtəlif formalarda özünü göstərdiyini diqqətə çatdırıblar. Bildirilib ki, postkolonial cəmiyyətlərin gələcəyi yalnız keçmişin dəyərləndirilməsindən deyil, həm də bu gələcəyi formalaşdıracaq gənclərin gücləndirilməsindən asılıdır.

Daha sonra ADA Universitetinin professoru Murat Özkalelinin moderatorluğu ilə interaktiv sessiya keçirilib. Sessiya zamanı süni intellektin inkişafının beynəlxalq münasibətlər və qlobal təhlükəsizlik sahələrinə təsiri, BMT-nin dayanıqlı inkişaf məqsədləri barədə müzakirələr aparılıb.

Forumun sonunda Qlobal Cənub Gənclər Platformasının yaradılması haqqında qərar qəbul edilib.

XQ

Seçilən
22
1
xalqqazeti.az

2Mənbələr