ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq hüquq və insan haqları ritorikasının bəzən asanlıqla siyasi alver predmetinə çevrildiyi barədə ötən sayımızda yazmışdıq. Məqaləmizin “qəhrəmanı” Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo idi.
Ortaya çıxan son faktlar, xüsusən də beynəlxalq hüquq müstəvisində bir zamanlar nüfuz sahibi olan Okampo və onun qəbiləsindən olanların etirafları göstərir ki, Azərbaycana qarşı aparılan kampaniya pərakəndə bəyanatlar toplusu deyil. Bu, Qərb platformalarını, erməni diaspor şəbəkələrini və ən maraqlısı, Rusiyadan gələn maliyyə resurslarını eyni hədəfə yönəldən, mükəmməl şəkildə qurulmuş təsir infrastrukturudur. Bakıya qarşı yönələn bu sistemli informasiya hücumu, əslində, hibrid müharibənin bütün elementlərini özündə birləşdirir: siyasi manipulyasiya, şəxsi nüfuz və qaranlıq maliyyə zənciri. Necə deyərlər, üçü birində, amma biri o birindən ayıb...
Bəri başdan deyək ki, dəfə də sırf Okampo xəttindən bəhs edəcəyik. Onun fəaliyyət trayektoriyasına nəzər saldıqda görürük ki, vaxtilə qlobal ədaləti təmsil etməli olan şəxs indi açıq şəkildə Bakıya qarşı sifarişli kampaniyanın mühərrikinə çevrilib. Son günlər onunla bağlı yayılan ifşaedici videomateriallarda Okamponun öz iştirakını və bu proses üçün xüsusi komanda formalaşdırdığını təsdiqləməsi, məsələnin hüquqi deyil, tamamilə kommersiya və siyasi maraqlar üzərində qurulduğunu, kimin ağacından yapışıb, kimin budağına qonduğunu açıq-açıq sübut edir. Daha rüsvayçı məqam isə onun Avropa institutları ilə birbaşa əlaqələridir. Okamponun Avropa İttifaqının sabiq ali nümayəndəsi Cozep Borrell və onun yaxın ətrafı ilə koordinasiyalı hərəkət etdiyini bildirməsi, anti-Azərbaycan meyillərinin Avropanın siyasi eşelonlarında kök saldığını və manipulyasiya edildiyini gün üzünə çıxarır. Əmma...
Məsələnin ən iyrənc məqamı isə "pulun qoxusunun" gəldiyi tərəfdir. Qərbdə Rusiya əleyhinə sanksiyalardan dəm vurub "demokratiya" dərsi keçənlər Azərbaycana quyu qazmaq üçün Rusiyada oturan erməni oliqarxlarının yaratdığı kölgə fondlarından qidalanırlar. Yeni yayılan videogörüntülərdə bəlli olur ki, ölkəmizə qarşı aparılan kampaniya "Rusiya-Ermənistan nümayəndələri qrupu" tərəfindən dəstəklənir. Buna nə deyəsən?! Bu, sözün əsl mənasında, vicdanını satmaqdır. Necə olur ki, bir tərəfdən Kremlin əleyhinə ağzına gələni deyirsən, o biri tərəfdə pul hərisliyi ucbatından "ayını dayı çağırıb" ondan gələn qara qəpiklərlə Bakıya şər atırsan?
Nəticə etibarilə, Azərbaycan bu gün, sadəcə, üç-beş ermənipərəstin cılız təbliğatı ilə yox, transmilli səviyyədə fəaliyyət göstərən "siyasi biznes sindikatı" ilə mübarizə aparır. O sindikat ki, həm Qərbin siyasi resurslarını, həm də Rusiyadakı erməni oliqarxiyasının maliyyə imkanlarını tək bir məqsədə yönəldib – Azərbaycanın suveren hüquqlarına və beynəlxalq nüfuzuna zərbə vurmaq. Lakin bu cür qaranlıq sxemlərin ifşası göstərir ki, həqiqət üzərində qurulmayan heç bir bina uzunömürlü ola bilməz. "Yalanın ömrü qırx gündür" - deyib atalarımız. Bakının qətiyyətli mövqeyi və hibrid təhdidləri vaxtında ifşa etməsi görünür, beynəlxalq "ədalət" bazarının muzdlu nökərlərini çıxılmaz vəziyyətə salıb. İndi nə qədər quyruq bulasalar da, Okampo və onun "qara kassası" tarixin zibilliyindədir...
Tacir SADIQOVXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.