Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Donald Tramp cümə günü Konqres rəhbərlərinə göndərdiyi məktubda bildirib ki, İran ilə hərbi əməliyyatlar dayandırılıb və buna görə də qanunverici orqanın təsdiqini almaq üçün nəzərdə tutulan 60 günlük müddət artıq tətbiq olunmur.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, cümə günü ABŞ prezidentinin İrana qarşı müharibəyə başlaması barədə Konqresi məlumatlandırmasından 60 gün ötüb.
1973-cü il Müharibə Səlahiyyətləri Qanununa əsasən, ABŞ prezidenti “qaçılmaz təhlükə”yə cavab olaraq qoşun yerləşdirə bilər, lakin hərbi əməliyyatları davam etdirmək üçün 60 gün ərzində Konqresin razılığını almalıdır.
1 may tarixli məktubunda Tramp bildirib ki, o, İrana qarşı “Epik qəzəb” əməliyyatına başlayıb və fevralın 28-də Konqresi “ABŞ vətəndaşlarını, eləcə də ölkənin daxildə və xaricdə maraqlarını qorumaq, həmçinin milli təhlükəsizlik və xarici siyasət naminə” məlumatlandırıb.
“7 aprel 2026-cı ildə mən iki həftəlik atəşkəs əmri verdim”, – məktubda qeyd olunur. Məktub Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatın müvəqqəti sədri vəzifəsini icra edən senator Çak Qrasliyə ünvanlanıb. Həmin vaxtdan atəşkəs uzadılıb. 7 aprel 2026-cı ildən etibarən ABŞ və İran silahlı qüvvələri bir-birinə hücum etməyib. 28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar dayandırılıb.
“The Guardian” yazır ki, bu məktub faktiki olaraq qanunla müəyyən edilmiş 1 may son tarixini aradan qaldırır. Bu müddətin respublikaçı qanunvericilərin müdaxiləsi olmadan başa çatacağı gözlənilirdi, çünki onların əksəriyyəti prezidentin birtərəfli güc tətbiqinə qarşı çıxmaq istəmir.
Cümə günü Ağ Evdən çıxarkən Tramp jurnalistlərə bildirib ki, o, hərbi kampaniya üçün Konqresin təsdiqini almağı planlaşdırmır, çünki bu, əvvəllər heç vaxt edilməyib və o, Müharibə Səlahiyyətləri Qanununun tamamilə konstitusiyaya zidd olduğunu düşünür.
“Heç kim bunu əvvəllər istəməyib. Bu, heç vaxt istifadə olunmayıb. Niyə biz fərqli olmalıyıq?” – deyə o bildirib.
Trampın məktubunda əks olunan bu qanun şərhi hüquqşünaslar və demokratlar tərəfindən kəskin tənqid olunur. Onlar hesab edir ki, prezidentin İrana qarşı müharibəsi hakimiyyət qolları arasında səlahiyyət bölgüsünü pozur.
“Bu, tam cəfəngiyyatdır. Bu, qanunsuz müharibədir və respublikaçılar buna göz yumduqca hər gün insanlar risk altına düşür, xaos artır və qiymətlər yüksəlir, bütün bunların xərci isə amerikalıların üzərinə düşür”, – deyə Senatda azlıq lideri Çak Şkumer X platformasında yazıb.
Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü senator Cenni Şahin isə bildirib ki, Trampın açıqlaması on minlərlə ABŞ hərbçisinin hələ də bölgədə təhlükə altında olduğunu, administrasiyanın mütəmadi olaraq eskalasiya ilə hədələdiyini, Hörmüz boğazının bağlı qaldığını və ölkə daxilində neft qiymətlərinin sürətlə artdığını əks etdirmir.
“Donald Tramp bu müharibəyə strategiyasız və hüquqi icazə olmadan daxil olub. Bugünkü açıqlama bu faktların heç birini dəyişmir”, – deyə senator Cenni Şahin bildirib.
Cümə günü vətəndaş hüquqları üzrə təşkilat “American Civil Liberties Union” (ACLU) Ağ Evə məktub göndərərək prezidentin “qanunsuz müharibə apardığı” ilə bağlı “dərin narahatlığını” ifadə edib.
Bu məktub, ABŞ-ın müdafiə naziri Pete Heqsetin cümə axşamı Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı eyni mövqeni səsləndirməsindən bir gün sonra göndərilib. Demokrat senator Tim Keynlə dialoqda Heqset bildirib ki, atəşkəs zamanı 60 günlük müddətin hesablanması dayandırılır.
“The Guardian” yazır ki, cümə axşamı Senatda respublikaçılar demokratların İrandakı münaqişəni dayandırmağa yönəlmiş müharibə səlahiyyətləri haqqında qətnaməsini yenidən bloklayıblar.
“Trampın İrana qarşı müharibəsinin qaçılmaz təhlükə ilə bağlı olduğunu qəbul etsək belə (mən bununla razı deyiləm) Müharibə Səlahiyyətləri Qanununa əsasən onun bu müharibəni 60 gündən çox davam etdirmək səlahiyyəti yoxdur”, – deyə Kaliforniyadan demokrat senator Adam Şkiff uğursuz səsvermədən sonra bildirib.
Baxmayaraq ki, Tramp daha əvvəl müharibənin çox tezliklə bitəcəyini demişdi, onun məktubu əməliyyatların faktiki olaraq davam etdiyini göstərir.
“ABŞ-ın İran rejiminə qarşı əməliyyatlarının uğuruna və davamlı sülhün təmin olunması istiqamətində səylərə baxmayaraq, İran tərəfindən ABŞ və Silahlı Qüvvələrimiz üçün təhlükə hələ də əhəmiyyətli olaraq qalır”, – deyə Tramp məktubunda qeyd edib və əlavə edib ki, Pentaqon region üzrə qoşun yerləşdirməsini zəruri və uyğun hesab etdiyi hallarda yeniləməyə davam edəcək ki, İran və onun dəstəklədiyi qüvvələrdən gələn təhdidlərin qarşısını alsın.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.