AZ

"Ən böyük arzum prokuror olmaqdır" - Maksimal bal toplayan Səma

“Repetitor yanına getmək kifayət deyil, eyni zamanda davamlı məktəbə gedib dərsləri yaxşı oxumaq lazımdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında 9-cu sinif şagirdlərinin buraxılış imtahanında maksimum bal toplayan Yevlax şəhər 5 saylı tam orta məktəbin şagirdi Səma Dünyamin qızı Hətəmli söyləyib.

O, birinci sinfə gedəndən dərslərini yaxşı oxuduğunu qeyd edib:

"Mən birinci sinifdə oxuyan vaxtdan dərslərimi yaxşı oxumağa başladım. Doqquzuncu sinifdən etibarən repetitor yanına getdim. Bir çox uşaqlar düşünür ki, yalnız repetitor yanına getməklə yüksək nəticə əldə etmək mümkündür. Amma mən belə düşünmürəm. Məncə, repetitor sadəcə istiqamət göstərən bir dəstəkdir.
 
Əgər şagird məktəbdə dərslərini diqqətlə oxumasa, müəllimlərini dinləməsə və özü çalışmasa, yüksək nəticə qazanmaq çətin olar. Uğurun əsas sirri insanın öz zəhməti, məsuliyyəti və davamlı çalışmasıdır.

Mən də uğur qazanmaq üçün həm məktəb dərslərimə ciddi yanaşdım, həm də repetitor məşğələlərindən düzgün faydalanmağa çalışdım. Ən böyük arzum prokuror olmaqdır. Arzuma çatmaq üçün ailəm, doğmalarım daima mənə dəstək olurlar".

O, nəticəsini gördüyü uğurun sirlərindən də danışıb:

"Uğurun sirri hər kəs üçün fərqlidir. Hər insan uğura gedən yolda müxtəlif çətinliklərdən və fərqli mərhələlərdən keçir. Amma ən mühüm məsələ insanın qarşısına məqsəd qoyması və o məqsədə çatmaq üçün əzm, iradə və inamla çalışmasıdır.
 
Aşağı nəticə əldə etdikdə məyus olmaq yox, əksinə bundan motivasiya almaq daha vacibdir. İnsan zəif olduğu mövzular üzərində daha çox işləməli, özünü inkişaf etdirmək üçün daim çalışmalıdır. Çünki uğur təsadüfən qazanmır — uğur davamlı zəhmətin, səbrin və intizamın nəticəsidir.

Uğur qazanmaq istəyən insan mütəmadi şəkildə çalışmalı, vaxtını düzgün dəyərləndirməli və oxuduğu dərslərin keyfiyyətinə xüsusi önəm verməlidir. Ən əsası isə insan özünə inanmalıdır. İnam və zəhmət bir araya gəldikdə, qarşıya qoyulan məqsədlərə çatmaq mümkündür."

Səma builki imtahan suallarının onun üçün çox çətin olmadığını, bundan öncə daha ağır testlər işlədiyini də vurğulayıb.
 

Seçilən
38
2
hit.az

3Mənbələr