AZ

Soyuq yaz, leysan yağışlar – İran müharibəsinin nəticəsi, yoxsa?

Bu il yaz fəsli sanki adi axarından çıxıb. Ötən illərlə müqayisədə daha soyuq, daha sərt və gözlənilməz keçən mövsüm may ayına qədəm qoysaq da, hələ də tam isinmək bilmir. Havanın tez-tez dəyişməsi, gün ərzində bir neçə fərqli iqlim halının müşahidə olunması artıq adi hala çevrilib. Xüsusilə son günlər Azərbaycanda və region ölkələrində yağan aramsız, intensiv yağışlar həm insanların gündəlik həyatına təsir edir, həm də ciddi fəsadlar yaradır.

Normadan artıq düşən yağıntılar, sel və daşqın təhlükəsi fonunda cəmiyyətdə müxtəlif suallar yaranmağa başlayıb: bu qeyri-sabit və anormal hava şəraitinin arxasında nə dayanır? Sadəcə təbii iqlim dəyişiklikləridirmi, yoxsa proseslər daha dərin və narahatedici səbəblərlə bağlıdır?

Müzakirə olunan versiyalardan biri də regionda davam edən hərbi gərginliklə bağlıdır. Xüsusilə ABŞ və İsrailin İranla qarşıdurması fonunda baş verən hadisələrin təkcə siyasi deyil, eyni zamanda ekoloji nəticələr doğurduğu iddia edilir. Bəzi mütəxəssislərin və araşdırmaçıların fikrincə, müasir müharibələrdə istifadə olunan güclü partlayıcı maddələr, raket zərbələri və müxtəlif təsir gücünə malik silahlar atmosfer qatlarına müdaxilə edərək onun təbii balansını poza bilər.

Bu yanaşmaya görə, atmosferin strukturunda yaranan bu cür pozuntular ekosistemin sabitliyini sarsıdır və nəticədə leysan yağışlar, qəfil iqlim dəyişiklikləri, sel və daşqınlar kimi ekstremal hava hadisələrinin artmasına gətirib çıxarır. Region ölkələrində, o cümlədən Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanda müşahidə olunan anormal hava şəraiti də bəzi dairələr tərəfindən məhz bu proseslərin mümkün nəticəsi kimi qiymətləndirilir.

Bütün bu iddialar isə cəmiyyətdə həm narahatlıq yaradır, həm də yeni suallar doğurur: doğrudanmı müasir müharibələr təkcə insanlara deyil, təbiətə də görünməz, amma dağıdıcı zərbə vurur?

Rövşən

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov Musavat.com-a danışıb:

"Ümumiyyətlə, hazırda insanın əlində elə bir texnologiya yoxdur ki, istər dağıdıcı, istərsə də hər hansı yaradıcı formada iqlim proseslərinə bu dərəcədə geniş miqyasda təsir göstərə bilsin. Əlbəttə, müəyyən texnologiyalar mövcuddur, məsələn, çox kiçik miqyasda süni yağış yaratmaq və ya dolunun qarşısını almaq üçün istifadə olunan üsullar var. Bu cür texnologiyalardan Azərbaycanda da uzun illərdir istifadə olunur. Yəni əsas məqsəd yağan dolunun qarşısını almaq və kənd təsərrüfatına dəyən ziyanı minimuma endirməkdir. Lakin bu tip üsulların iri miqyaslı iqlim və sinoptik proseslərə təsir etməsi barədə deyilənlər elmi əsasdan uzaqdır və təsdiqlənmir. O cümlədən, İran ətrafında gedən hazırkı münaqişənin intensiv yağıntılara təsir göstərməsi ilə bağlı iddiaların da heç bir elmi əsası yoxdur.

İkincisi, həmin ərazilərdə elə bir genişmiqyaslı hərbi əməliyyatlar aparılmır ki, nəticədə bu cür iqlim dəyişiklikləri baş versin. Üstəlik, artıq bir müddətdir ki, İranla bağlı atəşkəs rejimi mövcuddur. Bu baxımdan, hazırda müşahidə olunan hava şəraitini Körfəz regionunda baş verən hərbi proseslərlə əlaqələndirmək doğru deyil".

Bəs havaların bu qədər yağıntılı keçməsinin səbəbi nədir?

Ekoloqun fikrincə, burada iki əsas amili nəzərə almaq lazımdır:

"Birincisi, iqlim dəyişikliklərinin təsiri ilə yağıntıların zaman üzrə paylanmasında ciddi fərqlər yaranır. Yəni əvvəlki kimi il boyu bərabər paylanmaq əvəzinə, yağıntılar qısa müddət ərzində intensiv şəkildə düşür və bu da iqlim hadisələrinin daha ekstremal xarakter almasına səbəb olur. Nəticədə güclü küləklər, leysan yağışlar baş verir və bu proseslər öz növbəsində sel və daşqın riskini artırır.

İkinci mühüm məqam isə iqlim hadisələrinin dövrlüyü ilə bağlıdır. Bu, çoxillik müşahidələrlə təsdiqlənən bir reallıqdır. Yəni tarix boyu quraq və yağıntılı dövrlər bir-birini əvəz edib. Elə illər olub ki, quraqlıq hökm sürüb. Məsələn, 1998–1999-cu illərin quraqlığı yaxşı xatırlanır. Eyni zamanda, son illərdə də quraqlıq dövrləri müşahidə olunub. Hətta iki il əvvəl ot örtüyünün zəif olması heyvandarlığa ciddi mənfi təsir göstərmişdi. Yəni hər il eyni miqdarda yağıntı gözləmək düzgün deyil, bu, tamamilə təbii və normal bir prosesdir".

Rövşən Abbasovun fikrincə, hazırda yağan yağışların isə mənfi tərəflərindən çox müsbət tərəfləri var:

"Məsələn, Kür çayında dolma hadisəsi müşahidə olunur, otlaqlar daha məhsuldar vəziyyətə gəlib, su qıtlığı xeyli dərəcədə aradan qalxıb. Düzdür, bəzi hallarda güclü külək və dolu kənd təsərrüfatına müəyyən ziyan vura bilər, lakin ümumi mənzərəyə baxdıqda bu ili bolluq ili kimi qiymətləndirmək olar".

Ekoloq may ayında daşqınlar gözlənildiyini də qeyd edib:

"Bir vacib məqamı da qeyd etmək lazımdır: Azərbaycanda, xüsusilə Kür çayı ətrafında yerləşən rayonlarda may ayında daşqın riski gözlənilir. Bu səbəbdən yerli əhali, icra strukturları və aidiyyəti qurumlar mümkün təhlükələrə qarşı əvvəlcədən hazırlıqlı olmalıdırlar".

Seçilən
22
1
ekologiya.az

2Mənbələr