AZ

İran ətrafında yeni informasiya kampaniyası Azərbaycanla bağlı iddiaların arxasında nə dayanır?

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Son günlər İranın bəzi radikal dairələri və xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olduğu bildirilən media qurumları tərəfindən Azərbaycana qarşı yeni iddialar irəli sürülməkdədir. Həmin iddialarda guya İrana yönələn zərbələrin Azərbaycan ərazisindən idarə olunduğu və ölkəmizin şimal-qərb sərhədləri boyunca hərbi hazırlıqlar aparıldığı qeyd edilir. Bu məlumatlar rəsmi Bakı tərəfindən təsdiqlənməyən və siyasi xarakter daşıyan iddialar kimi qiymətləndirilir.

Regionda gərginliyi artıran bu tip informasiya kampaniyalarının arxasında hansı məqsədlər dayana bilər? Bu iddialar Azərbaycan–İran münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı sayıla bilərmi?

Mövzu ilə bağlı siyasi şərhçi Elşən Manafov “AzPolitika”ya bildirib ki, İranda hakimiyyətin radikallar və islahatçılar arasında bölündüyü barədə yayılan məlumatlar İran siyasi elitası daxilində dövlətin daxili və xarici siyasət məsələləri ətrafında vahid mövqe və ümumi razılaşmanın olmaması ilə bağlı iddiaların, əslində isə beynəlxalq informasiya məkanına məqsədli şəkildə ötürülən dezinformasiyanın tərkib hissəsidir.

Onun sözlərinə görə, bu cür xəbərlər İranla informasiya müharibəsi aparan xarici qüvvələr tərəfindən formalaşdırılır və tirajlanır: “Bu məlumatların qərbdəki qlobalist dairələrə, eləcə də beynəlxalq sionizmə yaxın media strukturları tərəfindən yayıldığı və genişləndirildiyi iddia olunur. İran Prezidenti Məsud Pezeşkianın bu günlərdə ABŞ Prezidenti Donald Trampa ünvanladığı müraciət də xüsusi əhəmiyyət daşıyır. Həmin müraciətdə Pezeşkian ölkə rəhbərliyinin radikallar və islahatçılar arasında bölünməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edərək, hakimiyyətin yalnız inqilabçılardan ibarət olduğunu bildirib və İranın İslam inqilabının ideyalarına sadiq qalaraq onu müdafiə edəcəyini vurğulayıb”.

Politoloq qeyd edib ki, ABŞ və İsrail rəhbərliyi İran daxilində ikitirəlik olması, SEPAH-ın guya ali dini lider Ayətullah Əli Xameneinin razılığı olmadan qərarlar qəbul etməsi kimi iddiaları gündəmə gətirməklə İran cəmiyyətində monolitliyi sarsıtmağa və ölkə ətrafında etimadsızlıq mühiti formalaşdırmağa çalışır: “İrana qarşı mümkün hərbi əməliyyatlar fonunda ABŞ və İsrailin regional gərginliyi artırmağa cəhd etdiyi, hətta İranla həmsərhəd ölkələrin ərazilərindən istifadə imkanlarını nəzərdən keçirdiyi iddia olunur.

Azərbaycan bu cür ssenarilərə münasibətdə mövqeyini dəfələrlə açıqlayıb və rəsmi Bakı öz ərazisinin İrana qarşı hər hansı hərbi əməliyyatlar üçün istifadə olunmasına qəti şəkildə yol verməyəcəyini bəyan edib. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Bir müddət əvvəl iki ölkə arasında yaranmış gərginlik aradan qaldırılıb, Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edib. ABŞ-ın İrana hücumu nəticəsində yarana biləcək humanitar böhranın qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə bu ölkəyə 210 min tondan artıq humanitar yardım göndərilib və Azərbaycan xalqının çətin anlarda İran xalqı ilə həmrəylik nümayiş etdirdiyi bildirilib”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
azpolitika.info

1Mənbələr