“Hökumət qurduqdan sonra “Artsax xalqı”nın “Artsax”a təhlükəsiz qayıtmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik”.
Rusiya Prezidenti Vladimir Putinin milyarder desantı, cəmiyyətə “milli xeyriyyəçi” kimi təqdim edilən “Güclü Ermənistan” Partiyasının lideri və baş nazirliyə namizəd Samvel Karapetyan yerli telekanallara verdiyi müsahibədə belə deyib.
“Zəif və səriştəsiz hökumət üzündən bu gün itirilmiş ikinci vətənimiz var”, - deyə Karapetyan bildirib.
O, iyunun 7-də keçiriləcək parlament seçkilərində hakimiyyətə gələcəkləri təqdirdə Qarabağdan köçmüş erməniləri öz “vətənləri”nə qaytarmaq üçün əllərindən gələni edəcəklərinə söz verib.
Samvel Karapetyanın bu müsahibəsində işlətdiyi ifadələr onun seçkilərə getməkdə əsl məqsədinin Ermənistanla Azərbaycan arasında sülh prosesini pozmaq olduğunu açıq nümayiş etdirir. Kremlin siyasi dəstəyi ilə hakimiyyətə gələcəyinə ümid edən Samvel Karapetyan dolayısı ilə Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirəcəyini vəd edir.
“İkinci vətənimiz” ifadəsini işlətməsi Karapetyanın siyasi konsepsiyasının əsasında Azərbaycan ərazisində ikinci erməni dövləti qurmaq ideyasının dayandığını göstərir. Yəni Samvel Karapetyan erməniləri Qarabağa qaytaracağını deməklə, regionda post-münaqişə dövründə formalaşmış status-kvonu dəyişmək niyyətini ortaya qoyur.
Bu isə Ermənistanla Azərbaycan arasında sülh prosesinin “baltalanma”sı deməkdir. Əslində, Samvel Karapetyan bununla Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarını həyata keçirmək üçün Kremldən verilmiş siyasi təlimatı yerinə yetirir.
Həmin direktivlər Azərbaycanla Ermənistan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişindən və iki ölkə arasında ABŞ-nin iştirakı ilə kommunikasiyaların açılmasını nəzərdə tutan bütün razılaşmalardan imtina edilməsini nəzərdə tutur.
Bu da Ermənistan-Azərbaycan münaqişəsinin bərpası deməkdir. Ermənistanın Baş naziri Nikol Paşinyan da seçiciləri sülh və müharibə arasında seçim etməyə çağırıb.
Paşinyan müxalifətin hakimiyyətə gələcəyi təqdirdə, yenidən müharibəyə başlayacağını bildirir. Bu fikrin real olduğunu yalnız Samvel Karapetyanın deyil, eks-prezident Robert Köçəryanın da bəyanatlarından görmək olar. Rusiya Azərbaycanla Ermənistan arasında sülhə nail olunmasını özünün regional maraqlarına zidd hesab edir.
Yəni müharibənin və ya idarə olunan sülhün olması Rusiyanın bölgədə qalmasını təmin edir. Lakin hazırda Azərbaycanla Ermənistanın birbaşa sülh razılaşmaları əldə etməsi rəsmi Moskvanı bu imkandan məhrum edir. Ona görə də Rusiya iyun ayında Paşinyanı Kremldən idarə olunan Samvel Karapetyanla əvəz etməyə çalışır.
Karapetyan Rusiya vətəndaşı olduğundan onun namizədliyinin qeydə alınmayacağı gözlənilir. Bu halda, müxalifət partiyaları parlamentdə 50 faizdən artıq səs toplaya bilsə, Köçəryan baş nazir postuna əsas namizəd ola bilər.
Qeyd edilənlər Rusiyanın Köçəryan amilini unutmadığını göstərir. Prezident Vladimir Putinin aprelin 1-də Nikol Paşinyanla görüşdə Rusiya vətəndaşı olan və həbsdəki dostlarına seçkilərdə iştirak etməyə şərait yaratmağı xahiş etməsi Kremlin Ermənistandakı seçkilərə Cənubi Qafqazdakı geosiyasi maraqları kontekstində kifayət qədər həssas yanaşdığından xəbər verir.
Ancaq Samvel Karapetyanın və ya digər müxalifət liderinin regionda status-kvonu dəyişmək və Ermənistanı yenidən müharibəyə sürükləmək cəhdi bir dövlət kimi suverenliyinə və mövcudluğuna son qoya bilər.
İlk növbədə, Ermənistanın güclü Azərbaycanla müharibə aparmaq qüdrəti yoxdur. Münaqişə Ermənistanın 2020-ci ildən sonra daha ağır kapitulyasiya sənədinə imza atması ilə nəticələnə bilər. İkincisi, Karapetyanın ümid etdiyi Rusiya hazırda Ukrayna ilə ağır müharibə vəziyyətindədir və hərbi resurslarının böyük hissəsini özünün şərq və şimal-şərq sərhədlərinin müdafiəsinə yönəltdiyindən Ermənistanın əvəzindən döyüşməyəcək.
Eyni zamanda, Avropa bazarlarına çıxışı bloklanmış Rusiya üçün Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizi əsas ticarət marşrutlarından birini təşkil edir. Ona görə də Rusiya Azərbaycanla münasibətlərin kəsilməsində maraqlı deyil.
Üçüncüsü, Karapetyanın və ya Köçəryanın sülh razılaşmasından və “Tramp marşrutu” layihəsindən imtina etməsi ABŞ-nin regional maraqlarına zərbədir. Ona görə də Ermənistan hakimiyyəti ABŞ-nin və Avropanın ciddi təzyiqləri ilə üzləşə bilər.
Xüsusilə də münaqişə yenidən başlanacağı halda, Qərb Ermənistanı dəstəkləməyəcək. Bu baxımdan, Samvel Karapetyanın vədləri seçkilər öncəsi daxili ictimai rəyə hesablanmış populist bəyanat xarakteri daşıyır.
Karapetyan uzunmüddətli sülhə nail olmaq üçün iqtisadiyyatın gücləndirilməsini təklif edir. Halbuki, Ermənistan iqtisadi dirçəlişə nail olmaq üçün ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzalamalı və kommunikasiyaları açaraq blokadadan çıxmağa çalışmalıdır.