AZ

AP-nin ikili standartları açıq görünür – Tənzilə Rüstəmxanlı yazır

Avropa Parlamenti tərəfindən 30 aprel tarixində qəbul edilmiş qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu açıq aydın ortadadır.

media-eb7c021b-040e-42df-a284-1fa71097a471

Ermənistanın demokratik inkişafı ilə bağlı qətnamə adlanan sənəddə bu ölkənin problemləri qalıb kənarda, qətnamədə ölkəmizə qarşı dəhşətli cinayətlər törətmiş və bu gün Azərbaycan məhkəməsinin hökmü ilə cəza çəkən insan qatillərinin müdafiəsi önə çıxarılıb.

Belə ki, sənəddə Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçmüş ermənilərin əmlakının və mədəni irsinin qorunmasının və müvafiq beynəlxalq zəmanətlər altında təhlükəsiz, maneəsiz və ləyaqətli qayıtmaq hüquqlarının dəstəkləndiyi bildirilir. Guya Qarabağ bölgəsində Ermənistanın mədəni və dini irsinin məhvində məsul şəxslərin məsuliyyətə cəlb olunması və beynəlxalq qiymətləndirmə missiyasının yaradılması tələb edilir.

Bundan başqa, törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş erməni separatçıları “hərbi əsirlər” adlandıran AP həmin şəxslərin girov kimi Azərbaycanda saxlanılmasını pisləyərək onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir. Maraqlıdır ki, bu cür absurd tələblər əsasında AP tərəfləri etimadın artırılması tədbirlərini davam etdirməyə, beynəlxalq humanitar və insan hüquqları qanunlarına tam hörmətlə yanaşmağa çağırır.

Hazırkı Ermənistan hökumətinin məhz Azərbaycana qarşı ərazi iddialarının və separatçı rejimin cinayətkar ünsürlərinin dəstəklənməsinin iki qonşu ölkəni uzunmüddətli müharibəyə sürüklədiyini və postmünaqişə dövründə münasibətlərin tənzimlənməsini əngəllədiyini dəfələrlə bəyan etməsinə rəğmən, AP-nin qərəzli qətnaməsi əslində “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” əvəzinə bölgədə yeni müharibənin alovlanmasına çalışan erməniçilik ideoloqlarının dəyirmanına su tökür.

Ermənistanın 30 illik işğalı dövründə bu ölkənin işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul etməyib, əksinə “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı sənədlər qəbul edən bir qurumdan başqa bir mövqe gözləmək də olmazdı. Bu cür yanaşmalar regionda baş verən proseslərin mahiyyətini təhrif etməklə yanaşı, Azərbaycanın suveren hüquqlarına və daxili işlərinə müdaxilə cəhdidir.

2023-cü ildə Azərbaycan dövləti Konstitusiyamıza uyğun olaraq Qarabağda yaşayan erməniəsilli sakinlərin reinteqrasiyası ilə bağlı plan irəli sürmüşdü. Ancaq buna baxmayaraq, erməni sakinlər regionu könüllü əsasda tərk etmişdilər. Bu faktı inkar və ya fərqli şəkildə təqdim etmək isə nankorluqdur.

Avropa Parlamenti rəhbərliyi anlamalıdır ki, hansısa “sənədlər” qəbul etməklə Azərbaycanın beynəlxalq nüfuzuna zərər yetirə bilməyəcək. Təcrübə göstərir ki, münasibətlərin pozulmasında uduzan tərəf Azərbaycan deyil. Nümunə olaraq deyə bilərik ki, AŞPA-nın qərəzli mövqeyindən sonra Azərbaycan bu təşkilatla əməkdaşlığı dayandırıb. Belə olan halda, AŞPA nə qazandı? Əlbəttə ki, heç nə. Eyni prosesi Avropa Parlamentinə də şamil etmək olar.

Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların aparıldığı bir vaxtda Avropa Parlamentinin proseslərin mahiyyətinə zidd olan qətnaməsi açıq şəkildə pozuculuğa xidmət edir. Sözsüz ki, Azərbaycan Avropa Parlamentinin və bu kimi kimi ermənipərəst strukturların mövqeyi fonunda özünün haqlı, beynəlxalq hüquqa söykənən mövqeyindən heç vaxt dönməyəcək. Bu kimi təhdidlər ölkəmizin siyasi iradəsində zərrə qədər təsir edə bilməz.

Seçilən
13
1
moderator.az

2Mənbələr