AZ

Folklor İnstitutunun beynəlxalq əməkdaşlığı genişlənir

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüş keçirilib. Görüşdə Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti nəzdində fəaliyyət göstərən Türkoloji Araşdırmalar İnstitutunun direktoru dosent Halil Çetin iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Görüş zamanı Folklor İnstitutunun direktoru Hikmət Quliyev bu elmi müəssisənin fəaliyyəti, həyata keçirilən elmi-tədqiqat istiqamətləri, xüsusilə sosial-antropoloji folklorşünaslıq, rəqəmsal folklor və kollektiv mədəni yaddaş sahəsində aparılan işlər barədə ətraflı məlumat verib.

Daha sonra tərəflər türkoloji folklorşünaslığın aktual problemləri, ortaq elmi platformaların yaradılması və qarşılıqlı tədqiqat imkanları ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə, Türk dünyası folklorunun müqayisəli tədqiqi, rəqəmsal mühitdə folklorun transformasiyası və bu sahədə birgə layihələrin hazırlanması məsələləri müzakirə olunub.

Müzakirələr çərçivəsində ortaq elmi layihələrin həyata keçirilməsi, beynəlxalq konfrans və simpoziumların təşkili, eləcə də türkoloji folklorşünaslıq üzrə birgə kitab nəşrlərinin hazırlanması kimi istiqamətlər ön plana çıxıb.

Görüşün sonunda Hikmət Quliyev Folklor İnstitutunda nəşr olunan bir sıra kitabları qonağa hədiyyə edib.

Seçilən
30
1
azertag.az

2Mənbələr