AZ

Türkiyədə Avropa Parlamentinin ikili standartlarına qarşı tənqidlər artıb

Avropa Parlamentinin (AP) nümayəndələrinin, o cümlədən Kiprdəki vəziyyətlə bağlı antitürk ritorikası Türkiyədə getdikcə daha çox tənqidə səbəb olur.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar Avropa Parlamentində faktların təhrif olunmasını pisləyərək, yunan Kiprindən olan bir qrup radikal tərəfindən Türkiyə bayrağının yandırılması ilə bağlı təxribata AP-nin reaksiyasını “yolverilməz” adlandırıb.

“Tarix, hüquq, ağıl və vicdan sizi qınayır. Heç bir təxribat, heç bir yalan, heç bir təhdid cavabsız qalmayacaq. Beynəlxalq qurumların arxasında gizlənərək qərəzliliyi qanuniləşdirə bilməzsiniz. Türkiyə işğalçı deyil, Kiprdə qarant dövlətdir. Kipr türklərinin hüquqlarının pozulmasına imkan verməyəcəyik”, - deyə H.Akar sosial mediada yazıb.

Türkiyə-Aİ Parlamentlərarası Komissiyasındakı Türkiyə qrupunun sədri İsmayıl Emrah Karayel də AP-ni sərt tənqid edib. O, Kiprdəki təxribatçı hadisələr ətrafında isteriyanı qızışdırmaq cəhdlərini pisləyib. “Avropa İttifaqının dəstəyini alaraq və qərəzli ritorikadan istifadə edərək müəyyən dairələr tərəfindən Kiprdəki gərginliyi beynəlxalq problem səviyyəsinə qaldırmaq istəyi göz qabağındadır”, - deyə İ.E.Karayel qeyd edib.

Parlament üzvü beynəlxalq ictimaiyyəti Kipr məsələsində prinsipial, ədalətli və aydın mövqe tutmağa çağırıb: “Kipr türklərini görməzdən gəlmək, onların hüquqlarını saymamaq və ya Lefkoşaya hücum etmək cəhdləri cəzasız qalmayacaq. Bütün tərəflər məsuliyyətlə davranmalı və təxribatçı hərəkətlərdən çəkinməlidirlər”.

Bu arada, Şimali Kiprin lideri Tufan Erhürman ilə Cənubi Kiprin lideri Nikos Xristodulidis arasında növbəti görüşün mayın 8-nə planlaşdırıldığı məlum olub. Danışıqların əsas mövzusu Kiprlə bağlı danışıqların bərpası olacaq.

Seçilən
8
2
yeniazerbaycan.com

6Mənbələr