AZ

Kartofu necə yemək lazımdır?

Kartof arıqlamağa mane olan ağır qida kimi tanınsa da, mütəxəssislər bildirirlər ki, əsas məsələ onun özü deyil, necə hazırlanması və nə vaxt yeyilməsidir. Araşdırmalara görə, kartofu bişirib soyutduqdan sonra istifadə etmək onun xüsusiyyətlərini əhəmiyyətli dərəcədə dəyişir və bu, elmi cəhətdən sübut olunmuş bir prosesdir.

Redaktor.az xəbər verir ki, kartof soyuduqdan sonra onun tərkibindəki nişasta struktur dəyişikliklərinə uğrayır və daha yavaş həzm olunan formaya keçir. Bu da məhsulun orqanizm tərəfindən daha rahat qəbul olunmasına, enerjinin daha stabil verilməsinə və uzun müddət toxluq hissinin qorunmasına səbəb olur.

Təzə bişmiş kartof sürətli karbohidrat mənbəyi hesab olunur. Bu halda qanda şəkərin səviyyəsi tez yüksəlir və qısa müddətdən sonra yenidən aclıq hissi yaranır. Lakin kartof bir neçə saat, xüsusilə 8–12 saat soyuducuda saxlanıldıqdan sonra onun tərkibində “rezistent nişasta” yaranır. Bu nişasta növü lif kimi davranaraq daha gec həzm olunur və qanda şəkərin kəskin artmasının qarşısını alır.

Mütəxəssislərin sözlərinə görə, soyudulmuş kartof daha az sürətli kalori verir, bağırsaq fəaliyyətini dəstəkləyir və daha uzun müddət toxluq hissi yaradır. Həmçinin belə kartofun qlikemik indeksi daha aşağı olur, bu da qanda şəkərin daha sabit qalmasına kömək edir. Maraqlıdır ki, kartof yenidən qızdırıldıqda belə bu faydalı dəyişikliklərin bir hissəsi saxlanılır.

Daha faydalı nəticə əldə etmək üçün kartofu qabığı ilə bişirmək, dərhal yeməmək, ən azı 8-12 saat soyuducuda saxlamaq və növbəti gün istifadə etmək tövsiyə olunur. Belə kartof salatlarda, tərəvəz və göyərti ilə birlikdə istifadə edilə bilər və həm soyuq, həm də yüngül qızdırılmış halda yeyilə bilər.(lent.az)

Seçilən
26
redaktor.az

1Mənbələr