AZ

Siqaret çəkmək sakitləşməyə kömək edir? 

"Emosional gərginlik dövründə siqaret çəkmək orqanizmi əlavə fizioloji stresə məruz qoyur və bu da ürək-damar xəstəlikləri, eləcə də xərçəng riskini əhəmiyyətli dərəcədə artırır".

Oxu.Az-ın məlumatına görə, bu barədə gazeta.ru-ya onkoloq Mahmud Mortada məlumat verib.

Həkimin sözlərinə görə, siqaretin sakitləşməyə kömək etməsi ilə bağlı yaranmış düşüncə təhlükəli bir mifdir. Beyinə daxil olan nikotin qısamüddətli və kəskin dofamin ifrazına səbəb olaraq yalançı emosional rahatlıq hissi yaradır. Mütəxəssis xəbərdarlıq edir ki, fizioloji baxımdan siqaret güclü bir stimulyator kimi çıxış edir. O, qan damarlarını daraldır və ürək döyüntülərinin sayını çoxaldır. Nəticədə bədən rahatlanmaq əvəzinə əlavə fiziki gərginlik yaşayır. Onkoloqun sözlərinə görə, böhran anlarında insanın ardıcıl siqaret çəkərək gündə bir qutunu bitirməsi orqanizmin böyük miqdarda kəskin toksik təsirə məruz qalması deməkdir.

Yüksək dozada nikotinin orqanizmə davamlı olaraq daxil olması damarların kəskin spazmı, tənəffüs və həzm sistemlərinin epitelinin, həmçinin arteriyaların daxili qoruyucu təbəqəsi olan endotelin zədələnməsi ilə nəticələnir. Bu vəziyyət qan təzyiqinin qəfil yüksəlməsinə və qan dövranının pozulmasına gətirib çıxarır.

"Həmçinin stres fonunda siqaret çəkmək trombların yaranma ehtimalını artırır. Bu isə miokard infarktı və insult kimi kəskin ürək-damar problemlərinin riskini dəfələrlə çoxaldır", - deyə həkim bildirib. Mütəxəssis əlavə edib ki, qanda nikotinin səviyyəsinin aşağı düşməsi əsəbilik, narahatlıq və gərginlik yaradır ki, insanlar bunu çox vaxt həyatdakı stresə verilən reaksiya ilə səhv salırlar. Yaranan diskomfortu aradan qaldırmaq üçün insan yenidən siqaretə müraciət edir və beləliklə stres dövrünü yenidən işə salır. Bu cür hallarda siqaret vasitəsilə vəziyyətdən çıxıb sakitləşmək cəhdi xroniki nikotin asılılığına çevrilir.

Stresli dönəmdə başlayan və uzun müddət davam edən siqaret çəkmənin ən ağır fəsadı ağciyər xərçənginin yaranma riskinin yüksək olmasıdır. 30 il ərzində gündə bir qutu siqaret çəkən şəxslər ağciyər xərçəngi üzrə əsas risk qrupuna daxildirlər", - deyə ekspert sözlərini yekunlaşdırıb.


Telegram kanalımız
Seçilən
39
3
yenisabah.az

5Mənbələr