Ermənistanda növbəti dəfə məhbus müəmmalı şəkildə intihar edib.
Publika.az xəbər verir ki, bu barədə "Mamul" nəşri məlumat yayıb.
"Dünən, 2 may tarixində Ermənistan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Armavir İslah Müəssisəsində növbəti insident baş verib. Saat 19:00 radələrində müəssisənin birinci mərtəbəsindəki 6-cı karantin kamerasında asılmış məhbus meyiti aşkarlanıb", -məqalədə yazılıb.
Ölkənin tanınmış kriminal xəbər saytı olan "Shamshiyan" isə yazıb ki, intihar edən məhbus təsadüf nəticəsində aşkarlanaraq xilas edilib: "Lakin o, ağır vəziyyətdə Vaqarşapat Tibb Mərkəzinə köçürülüb. Ermənistan Respublikası Armavir Regional İstintaq Komissiyasının Vaqarşapat İstintaq İdarəsi cinayət işi açıb".
Saytın məlumatına görə, intihara cəhd edən şəxs Hindistan vətəndaşı olub.