AZ

Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən E.Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və E.Quliyev dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.

 

İstintaq materiallarına əsasən, yetkinlik yaşına çatmayan E.Quliyev qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqda ittiham olunur.

 

Hadisə 2025-ci ildə Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən parkda baş verib.

 

İttihama görə, E.Quliyev tanışı, zərərçəkmiş Musa Kərimovla (soyadı şərtidir) söhbət edərkən aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi turist bıçağından istifadə edib. Mübahisə zamanı o, zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib. Nəticədə Musa Kərimov sol əl pəncəsində iki ədəd kəsilmiş yara xəsarəti alıb ki, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.

 

Bununla yanaşı, Musa Kərimov döş qəfəsinin sağ arxa-yan səthinə vurulan zərbə nəticəsində 10-cu qabırğanın zədələnməsi ilə müşayiət olunan, plevra boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraksa səbəb olan deşilmiş-kəsilmiş yara alıb. Ekspertiza rəyinə əsasən, bu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla yanaşı, insan həyatı üçün təhlükəli ağır zərər kimi qiymətləndirilib.

 

Məhkəmə baxışı zamanı E.Quliyev Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, lakin əməlini həmin Məcəllənin 126.1-ci maddəsi ilə qismən etiraf edib.

 

O, ifadəsində deyib ki, zərərçəkmiş Musa onun yaxın dostudur və hadisə zarafat zamanı baş verib. Həmin gün dostu ilə görüşərək parka gediblər və söhbət edərkən aralarında zarafat xarakterli əl-qol hərəkətləri olub. Daha sonra isə bu vəziyyət mübahisəyə çevrilib.

 

E.Quliyev qeyd edib ki, üzərində olan bıçağı əvvəlcədən ağac kəsmək məqsədilə daşıyıb. Mübahisə zamanı bıçağı çıxardığını və Musa istiqamətinə atdığını bildirib. Onun sözlərinə görə, bıçaq təsadüfən zərərçəkmiş şəxsin böyür nahiyəsinə dəyib və o, yalnız bir dəfə zərbə endirdiyini xatırlayır.

 

E.Quliyev həmçinin hadisədən dərhal sonra Musaya kömək etdiyini və birlikdə xəstəxanaya getdiklərini qeyd edib. Təqsirləndirilən şəxs hadisə zamanı özü xəsarət almadığını, zərərçəkmiş şəxslə aralarında əvvəllər hər hansı düşmənçilik olmadığını və təxminən 4 ilə yaxın dostluq münasibətlərinin mövcud olduğunu vurğulayıb.

 

Kamal Məmmədov

 

Tarix: 4 May 2026, 08:20   
Seçilən
27
pravda.az

1Mənbələr