AZ

Hörmüz boğazında tankerə naməlum qüvvələr zərbə endirilib

Beynəlxalq dəniz marşrutunda təhlükəsizlik riski artır, istintaq başladılıb...

Poliqon xəbər verir ki, Hörmüz boğazı ərazisində hərəkət edən tankerlərdən birinin heyəti naməlum qüvvələr tərəfindən atəşə tutulduqlarını bildirib. Hadisə barədə məlumatı Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatı yayıb.

Məlumata görə, tanker hücum zamanı BƏƏ-nin Əl-Fuceyra sahillərindən təxminən 78 dəniz mili şimalda yerləşib. Rəsmi qurumun açıqlamasında qeyd olunub ki, insident nəticəsində ekipaj üzvləri arasında xəsarət alan olmayıb və onların hamısı təhlükəsiz vəziyyətdədir.

UKMTO bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və insidentin səbəbləri, eləcə də hücumu həyata keçirən tərəf hələlik müəyyən edilməyib. Qurum əlavə edib ki, hazırda ətraf mühitə hər hansı mənfi təsir barədə məlumat daxil olmayıb. Bununla yanaşı, regionda hərəkət edən digər gəmilərə ehtiyatlı olmaları, marşrutlarını diqqətlə seçmələri və hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat vermələri tövsiyə olunub.

Ekspertlər qeyd edirlər ki, bu cür hadisələr qlobal enerji təchizatı və beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyan bu strateji dəhlizdə risklərin artdığını göstərir.

Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Trump Hörmüz boğazında bloklanmış gəmilərin çıxarılması üçün “Azadlıq Layihəsi” adlı əməliyyatın başladılacağını elan edib. O, bu təşəbbüsü humanitar addım kimi qiymətləndirərək, İranı ABŞ hərbi qüvvələrinin fəaliyyətinə müdaxilə etməməyə çağırıb.

Mütəxəssislər hesab edir ki, son insident regionda hərbi-siyasi gərginliyin artması fonunda baş verir və vəziyyətin daha da kəskinləşməsi ehtimalını gücləndirir.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr