AZ

Ucuz maşın axtaranların nəzərinə! - 2 min manata “014”, 9 min manata “Pajero”...

Gömrük orqanları tərəfindən müsadirə edilərək dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin növbəti hərracı keçiriləcək.

Musavat.com xəbər verir ki, mayın 7-də baş tutacaq açıq hərracda həm gündəlik istifadə, həm də biznes üçün nəzərdə tutulan avtomobillər ucuz qiymətə yeni sahiblərini axtaracaq.

Satış siyahısında ən çox diqqət çəkən bəndlərdən biri 2004-cü il istehsalı olan "Mitsubishi Pajero" markalı minik avtomobilidir. Cəmi 9 600 manata satışa çıxarılan bu ofrouder üçün iştirakçılar 480 manat beh ödəməklə bəxtlərini sınaya bilərlər. Rus maşınlarına üstünlük verənlər üçün də maraqlı fürsət var. Belə ki, 2004-cü ilin "Lada Vaz 2114" modeli 2 min 25 manata start qiyməti ilə hərraca çıxarılır.

Bu avtomobil üçün tələb olunan beh məbləği isə cəmi 101 manatdır. Ağır texnika və yükdaşıma sektoru ilə məşğul olan sahibkarları da maraqlı təkliflər gözləyir. Siyahıda 63 min 750 manata 2008-ci il istehsalı olan "İveco Euro" yük maşını və daha böyük layihələr üçün nəzərdə tutulan, qoşqusu ilə birlikdə satılan "DAF FT XF 105" markalı yəhərli dartıcı yer alıb. Dartıcı və qoşqunun birlikdə ilkin satış qiyməti 82 min 125 manat olaraq müəyyən edilib.

Hərracda iştirak etmək istəyən şəxslər 7 may 2026-cı il tarixində, saat 11:30-da Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanına yaxınlaşa bilərlər. Xatırladaq ki, hərrac qaydalarına görə, iştirakçılar malın ilkin qiymətinin 5 faizini beh,0,5 faizini isə iştirak haqqı kimi ödəməlidirlər.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr