AZ

Azərbaycanda avans ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılma qaydalarında dəyişiklik edilib.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, dəyişikliklə bir sıra malların Azərbaycana idxalı zamanı avans ödənişi ilə bağlı yeni mexanizm tətbiq olunacaq.

Mövcud qaydaya görə, Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatların icrası üçün Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. Bu halda xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılır.

Yeni qərara əsasən isə, avans ödənişi müdafiə təyinatlı malların (döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, dəstləşdirici və ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, xammal, material və texnologiyalar) Azərbaycana idxalı, habelə bu cür mallarla əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün nəzərdə tutulduqda bu barədə Müdafiə Sənayesi Nazirliyinin məktubu banka təqdim edilə biləcək. Bu halda məktubun surəti bankda saxlanılacaq.

Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda, yuxarıda nəzərdə tutulan məktub təqdim edilmədikdə və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Mərkəzi Banka təqdim ediləcək.

Qeyd edək ki, burada bank dedikdə Azərbaycana fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru nəzərdə tutulur.

Seçilən
20
2
kommersant.az

3Mənbələr