AZ

Təhsil işçiləri arasında şahmat yarışı keçirilib - FOTO

Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və “Şəhərsalma və Memarlıq İli”nə  həsr olunmuş təhsil işçiləri arasında şahmat yarışı təşkil edilib.

Ucnoqta.az xəbər verir ki, yarış Mil-Muğan Regional Təhsil İdarəsi və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Sabirabad rayon təhsil sektorunun müdiri Mircamal Həşimov çıxış edərək Ümummilli Liderin dövlətçilik siyasətindən, onun təhsilə, elmə və gənclərin inkişafına göstərdiyi diqqətdən bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyev idmana, xüsusilə intellektual oyunlara daim böyük önəm verib.

Çıxışlarda şahmatın yalnız idman növü olmadığı, eyni zamanda strateji düşüncə, məntiq və analitik bacarıqları inkişaf etdirən mühüm bir mədəniyyət elementi olduğu vurğulanıb. İştirakçılara uğurlar arzulanaraq belə yarışların təhsil mühitində sağlam rəqabəti və intellektual inkişafı təşviq etdiyi bildirilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən Səməd Qasımov adına Qaralar kənd ümumi orta məktəbin müəllimi Elmar Nəsirli qalib adını qazanıb. Qalib təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Yarış iştirakçıları bu cür tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayaraq təşkilatçılara təşəkkürlərini bildiriblər.

Seçilən
34
ucnoqta.az

1Mənbələr