AZ

Qəbələ şəhərində WUF13 Festivalına start verilib

Qəbələ, 4 may, AZƏRTAC

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə bu gün Qəbələ şəhərində WUF13 Festivalına start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib. Sessiyada universitetin müəllim və tələbə heyəti, Quba şəhərində yerləşən müxtəlif məktəblərin və liseylərin şagirdləri, eləcə də Özbəkistandan ADPU-ya gələn müəllimlərdən ibarət qonaqlar iştirak ediblər.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya meneceri Emin Hüseynzadə çıxış edərək, WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

Emin Hüseynzadə vurğulayıb ki, mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır. O, iştirakçıları WUF13-də qeydiyyatdan keçməyə və fəal iştiraka səsləyib.

WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Müxbir – Rasim İslamoğlu

Seçilən
59
10
azertag.az

10Mənbələr