AZ

Xankəndidə Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

Mayın 4-də Xankəndi şəhərində, Qarabağ Universitetində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Heydər Əliyev İdeyalarının təntənəsi” mövzusunda tədbir keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, Azərbaycanın bugünkü inkişafı və əldə etdiyi nailiyyətlər məhz Ümummilli Liderin müəyyən etdiyi siyasi kursun nəticəsidir.

O, qeyd edib ki, uzun illər işğal altında qalmış ərazilər bu gün dövlətimizin gücü və xalqımızın birliyi sayəsində azad olunub və yeni inkişaf mərhələsinə qədəm qoyub.

Onun sözlərinə görə, Prezident, YAP-ın Sədri İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, bu isə ölkənin tarixində yeni və şanlı səhifə açıb. 

Tahir Budaqov vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Müasir infrastruktur layihələrinin icrası, yeni yaşayış məntəqələrinin salınması, sosial obyektlərin tikintisi və iqtisadi aktivliyin artırılması regionun sürətli inkişafını təmin edir. 

O deyib ki, Qarabağ Universitetinin yaradılması elm və təhsil sahəsində atılan mühüm addımlardan biridir və bu ali təhsil ocağı gələcəkdə regionun intellektual potensialının formalaşmasında xüsusi rol oynayacaq. 

Çıxışında Ümummilli Liderin təhsilə və gənclərə göstərdiyi diqqəti xüsusi vurğulayan Tahir Budaqov bildirib ki, bu siyasət bu gün də  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri həm ölkə daxilində, həm də xaricdə yüksək səviyyəli təhsil almaq imkanına malikdir.

Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə maarifləndirici layihələr həyata keçirdiyini qeyd edən T.Budaqov, partiyanın azad olunmuş ərazilərdə sosial və ictimai təşəbbüslərə dəstəyini davam etdirdiyini söyləyib.

T.Budaqov sonra Qarabağ Universitetinə partiya adından hədiyyə təqdim edib.

Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə çıxışında vurğulayıb ki, hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. 

“Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur və bu proses mərhələli şəkildə həyata keçirilir. Artıq Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində məskunlaşma prosesi başlayıb, əhali üçün müasir yaşayış şəraiti yaradılır.

O, əlavə edib ki, regionda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə mühüm infrastruktur layihələri icra edilir. Xankəndi dəmir yolu xəttinin bərpası, Xocalı hava limanının yenidən qurulması, yol və kommunikasiya xətlərinin çəkilməsi, regionun strateji əhəmiyyətini daha da artırır.

Bununla yanaşı, sahibkarlığın inkişafına dəstək göstərilir, yeni iş yerləri yaradılır və investisiya mühiti yaxşılaşdırılır.

Bildirilib ki, artıq bölgəyə özəl sektor tərəfindən 90 milyon manatdan çox investisiyalar cəlb olunub və bu proses davam edir.

S.Qəhrəmanov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrilir.

Tədbirin sonunda Qarabağ Universitetinin ictimai həyatında və tədris prosesində fəal iştirak edən və yüksək nəticə göstərən bir qrup tələbə təşəkkürnamə ilə təltif olunub.

Tədbir Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbə və müəllimlərin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Seçilən
15
2
cebheinfo.az

3Mənbələr