
5 may 2026-cı il tarixində Binəqədi rayonunun Xocasən qəsəbəsində ehtiyacı olan vətəndaşlar üçün genişmiqyaslı oftalmoloji tibbi aksiya təşkil olunacaq.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə reallaşan tədbir Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Milli Oftalmologiya Mərkəzi tərəfindən təşkil edilir. Aksiyaya Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən dəstək verilir.
Tibbi aksiya görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü və Milli Oftalmologiya Mərkəzinin 80 illik yubileyi çərçivəsində keçirilir. Aksiya zamanı Milli Oftalmologiya Mərkəzinin müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunmuş Avtomobil Səyyar Klinikası vasitəsilə az təminatlı ailələrə təmənnasız tibbi xidmətlər göstəriləcək.
Layihənin əsas məqsədi vətəndaşların sağlamlıq problemlərinin, xüsusilə göz xəstəliklərinin erkən mərhələdə aşkarlanması və vaxtında müalicə olunmasıdır. Müayinələr zamanı pasiyentlərə ilkin baxış və monitorinqlər keçiriləcək. Ciddi problem aşkar olunan və cərrahi müdaxiləyə ehtiyacı olan şəxslər isə əlavə xidmətlər üçün Milli Oftalmologiya Mərkəzinə yönləndiriləcəklər.
Aksiya haqqında məlumat:
Tarix: 5 may 2026-cı ilMəkan: Binəqədi rayonu, Xocasən qəsəbəsiSaat: 09:00Əlaqə üçün: (+994) 50 891 94 51; (012) 568 28 90E-mail: [email protected]