AZ

Şəfa əvəzinə aqressiya... Qarşılıqlı həkim pasiyent münaqişələri bizə nə verəcək?

Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Son dövrlərdə cəmiyyətimizdə həkim-pasiyent münasibətlərində yaranan gərginlik, xüsusilə Milli Onkologiya Mərkəzində baş verən son hadisələrin fonunda narahatlıq doğuran bir həddə çatıb. Bir tərəfdə səhhətini tapşırmağa pənah yeri axtaran çarəsiz insan, digər tərəfdə isə illərini ağır təhsilə və yuxusuz gecələrə fəda etmiş - həkimlər. Təəssüf ki, bu iki qütb arasında olması vacib olan "etimad körpüsü" son zamanlar aqressiya və anlaşılmazlıq dalğaları tərəfindən sarsılır.

Həkimlik - sadəcə anatomik biliklərin tətbiqi deyil, insan ağrısı ilə üz-üzə dayanmaq cəsarətidir. Bu peşənin sahibləri hər gün ölümün soyuq nəfəsi ilə həyat arasındakı o dar cığırda keşik çəkirlər. Onların çiyinlərində daşıdığı yük təkcə tibbi məsuliyyət deyil, həm də bir insanın son ümidini qorumaq missiyasıdır.

Həkimlik sadəcə bir peşə deyil, bu, intellektual fədakarlıq tələb edən bir həyat tərzidir. Cəmiyyətin ən oxumuş, ən çox zəhmət çəkən təbəqəsi olan həkimlərin hədəfə gətirilməsi, əslində bir xalqın öz beyin potensialına vurduğu ən böyük zərbədir.

Biz bir həkimi hədəfə alarkən, əslində, gələcəkdə minlərlə insanın şəfa tapmaq ehtimalını yaralayırıq. İntellektual enerjinin təhqir və təzyiqlə boğulduğu mühitdə elm də ölüb gedəcək.

Unutmamalıyıq ki, mənəvi və fiziki təzyiqə məruz qalan mütəxəssis üçün xaricdə iş tapmaq bir seçimdirsə, bizim üçün dəyərli bir kadrı itirmək geriyə dönüşü olmayan bir "beyin axını" və milli itkidir. Yüksək ixtisaslı kadrın ölkəni tərk etməsi sadəcə bir statistika deyil, bir nəslin təcrübəsinin və milli intellektual mirasın aşınmasıdır. İtirilən hər peşəkar həkim, xalqın sağlamlıq arsenalından əskilən bir qaladır. Həkimlərimizi qorumamaq, əslində, gələcək sağlamlığımızı təhlükəyə atmaq deməkdir.

Məsələnin digər tərəfi isə xəstə və xəstə yaxınlarının psixoloji vəziyyətidir. Tibbi antropologiya sübut edir ki, ağrı çəkən, qeyri-müəyyənlik içində olan və ölüm qorxusu yaşayan insanda təbii olaraq müdafiə mexanizmi işə düşür və o aqressivləşir. Bu, iradi bir hərəkətdən çox, can yanğısından və çarəsizlikdən doğan psixoloji bir reaksiyadır. Lakin bu reallıq heç bir halda fiziki və ya mənəvi şiddətə bəraət qazandıra bilməz.

Cəmiyyət anlamalıdır ki, həkim möcüzə yaradan deyil, elmin imkanları daxilində şəfa verilməsinə vasitəçilik edən şəxsdir. Üstəlik, bir həkim asanlıqla yetişmir.

Bununla belə, qarşılıqlı münasibətlərin bərpasında həkimlərin üzərinə də böyük məsuliyyət düşür. Həkimlik peşəsi təkcə müalicəni deyil, həm də xəstə ilə qurulan kommunikasiyanı əhatə edir. Həkim, qarşısındakı şəxsin təkcə bədənini deyil, həm də yaralı ruhunu müalicə etdiyini unutmamalıdır. Xəstəxana dəhlizləri yalnız ağ xalatların deyil, həm də sarsılmış ruhların sığınacağıdır. Tibb elmi nə qədər rəqəmsallaşsa da, onun nüvəsində həmişə insan amili dayanır. Həkimin xəstəyə ötürdüyü güvən hissi, bəzən ən mürəkkəb cərrahi müdaxilənin uğurunu təmin edən görünməz bir qüvvədir. Pasiyentin aqressiyasına eyni tonda cavab vermək deyil, soyuqqanlılıq və empatiya nümayiş etdirmək peşəkar ziyalılığın ən ali göstəricisidir. Bir xoş söz və anlayışlı baxış, bəzən ən güclü preparatdan daha effektiv ola bilir. Şəfa – elmin gücü ilə ruhun sükunətinin kəsişdiyi nöqtədə başlayır.

Həkim və pasiyent arasındakı etimadın qırılması cəmiyyəti mənəvi bir uçuruma apara bilər. Bu zərərli tendensiya davam edərsə, həkim xəstəyə "yardım ediləcək insan" kimi deyil, "potensial təhlükə" kimi baxacaq, xəstə isə həkimə "xilaskar" deyil, "rəqib" kimi yanaşacaq. Münasibətləri sağlamlaşdırmaq üçün hər iki tərəf bir addım geri çəkilməli və bir-birinə insanlıq aynasından baxmalıdır.

Nəticə etibarilə, həkim və pasiyent eyni cəbhənin əsgərləridir; onların ortaq düşməni xəstəlik və ölümdür. Bu cəbhədə bir-birinə silah çəkmək hər iki tərəfin məğlubiyyəti deməkdir. Ziyalısına hörmət etməyən cəmiyyət kor, xəstəsinə empatiya duymayan tibb isə ruhsuzdur.

Bizim cəmiyyət olaraq ehtiyac duyduğumuz şey - tibbi xidmətdən daha çox, bir-birimizə qarşı itirdiyimiz o mənəvi nəzakəti və insanpərvərliyi bərpa etməkdir.

Biz bu tarazlığı qorumalı, həkimlərimizi itirməməli və şəfa ocaqlarını münaqişə meydanına çevirməməliyik.

Alek Bolduin yenidən məhkəmə qarşısında: "Pas" filmindəki faciənin izləri silinmir

Fransa ədəbiyyatında tarixi etiraz: 100-dən çox yazıçı məşhur nəşriyyatdan imtina etdi

Şərqdə ilk kinorejissor qadın - Kiminlə tanışlıqdan sonra onun kinoya marağı artmışdı?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
kulis.az

1Mənbələr