AZ

"İmtahan öncəsi və sonrası psixoloji dəstək vacibdir" - PSİXOLOQ

"İmtahan öncəsi və imtahan sonrası psixoloji dəstək həm ailədən, həm müəllimlərdən, həm də ümumilikdə ətraf mühitdən gəlməlidir. Lakin təəssüf ki, bəzən bunun əksi baş verir, valideynlərin həddindən artıq məsuliyyət yükləməsi, müəllimlərin həyəcanı və ümumi mühitdəki gərginlik uşaqlarda imtahan öncəsi ciddi stress yaradır".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, əslində imtahana hazırlıq prosesi yalnız akademik deyil, eyni zamanda psixoloji hazırlığı da əhatə etməlidir: "Bu mərhələdə valideyn və müəllimlərin əsas vəzifəsi uşağın vaxtını düzgün planlamasına kömək etmək, onun səhvlərini sakit şəkildə izah etmək və ona təzyiq deyil, dəstək verməkdir.

Son dövrlərdə müşahidə olunur ki, psixoloji dəstək olmadan imtahana girən şagirdlərin sayı azalıb. Hətta statistik olaraq demək olar ki, hər 10 şagirddən 7-8-i artıq psixoloqa müraciət edir. Bunun səbəbi təkcə xarici təzyiq deyil, bəzən şagirdlər öz daxilində yaranan həyəcanı idarə etməkdə çətinlik çəkirlər.

Digər vacib məqam isə imtahandan sonrakı dövrdür. Çox zaman diqqət yalnız imtahan öncəsinə yönəlir, amma imtahan sonrası psixoloji vəziyyət arxa planda qalır. Halbuki mütəxəssislərin fikrincə, psixoloji dəstək məhz bu mərhələdə də vacibdir.

Çünki uzun müddətli gərginlikdən sonra insanda emosional boşluq yarana bilər. Bu vəziyyət bəzən motivasiya itkisi, həyatdan zövq ala bilməmə, darıxma və ya nə ilə məşğul olacağını bilməmə kimi hallarla müşayiət olunur. Hətta bəzi hallarda bu, psixosomatik əlamətlərlə də özünü göstərə bilər, mədə ağrıları, baş ağrıları, bel ağrıları və s.

Bu səbəbdən imtahan hazırlığı yalnız nəticəyə fokuslanmamalıdır. Elə bir psixoloji mühit yaradılmalıdır ki, şagird həm imtahana sağlam şəkildə hazırlaşsın, həm də imtahandan sonra bu yükü rahat şəkildə üzərindən ata bilsin və onu uzun müddət özü ilə daşımasın".

Südabə Mətanətli

Seçilən
25
1
sia.az

2Mənbələr