JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Landscape 1

Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu İllik Toplantısının rəsmi açılış mərasimi keçirilib.

“Tərəqqinin kəsişmə nöqtələri: regionun əlaqəli gələcəyinin formalaşdırılması” mövzusunda keçirilən toplantının rəsmi açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev son illərdə Özbəkistanda əldə olunan mühüm sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıraraq, bu uğurların təmin olunmasında beynəlxalq maliyyə institutlarının, o cümlədən AİB-nin rolunu xüsusi vurğulayıb və həyata keçirilən inkişaf layihələrinə göstərilən davamlı dəstəyi yüksək qiymətləndirib.

AİB-nin Prezidenti Masato Kanda isə çıxışında Bankla Özbəkistan arasında əməkdaşlığı yüksək qiymətləndirib, 2030-cu ilədək bərpa olunan enerji üzrə hədəflərin icrasında Bankın ən etibarlı tərəfdaşlardan biri olduğunu vurğulayıb. O, ötən dövrdə əməkdaşlıq çərçivəsində əhalinin rifahının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və infrastrukturun yenidən qurulması istiqamətində mühüm nəticələrin əldə olunduğunu qeyd edərək, növbəti illərdə bu sahələr üzrə AİB-nin dəstəyinin davam etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

İllik toplantı çərçivəsində keçirilən Biznes Sessiyada AİB-nin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı müzakirə edilib, maliyyə və əməliyyat göstəricilərinin icra vəziyyəti dəyərləndirilib. Eyni zamanda, Rəhbərlər Şurası tərəfindən bankın 2026-cı il üzrə büdcəsi təsdiqlənərək, institusional idarəetmə çərçivəsinin gücləndirilməsi və strateji prioritetlərin effektiv icrası ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Biznes Sessiyada çıxış edən maliyyə naziri Sahil Babayev toplantının yüksək səviyyədə təşkilinə görə AİB-yə və Özbəkistan Hökumətinə minnətdarlığını bildirib. Qeyd olunub ki, AİB 2025-ci ildə mühüm nəticələr əldə edərək, kreditlər, qrantlar, səhmdar investisiyaları, zəmanətlər və texniki yardım daxil olmaqla müxtəlif maliyyə alətləri üzrə ümumilikdə 29,3 milyard ABŞ dolları həcmində öhdəlik götürüb. Bu rəqəm 2024-cü illə müqayisədə 20 faiz artım olmaqla, Bankın əməliyyat fəaliyyətinin genişləndiyini göstərir.

S.Babayev AİB-nin maliyyə sektoruna yönəltdiyi vəsaitin 7,3 milyard ABŞ dollarına çatdığını qeyd edərək, bu çərçivədə maliyyə sistemlərinin dayanıqlığının gücləndirilməsi, kapital bazarlarının inkişafı və xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə əlçatanlığının artırılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Nazir AİB-nin keyfiyyətli infrastruktur, rəqəmsal transformasiya və regional bağlantının gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək, Bankın ərzaq təhlükəsizliyi, enerji dayanıqlığı və fiskal sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüslərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edən S.Babayev Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlərin regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verə biləcəyini qeyd edib.

İllik Toplantının ikinci günündə Azərbaycanın maliyyə naziri bir sıra ikitərəfli görüşlər keçirib. Yaponiyanın maliyyə naziri, AİB-nin Yaponiya üzrə rəhbəri Satsuki Katayama ilə görüşdə iki ölkə arasında uzunmüddətli tərəfdaşlıq, Yaponiyanın regional və qlobal inkişaf istiqamətində konstruktiv mövqeyi, eləcə də AİB daxilində çoxtərəfli inkişaf çərçivələrinə liderlik etməsi yüksək qiymətləndirilib.

Nazir Azərbaycanın AİB-nin maliyyələşdirdiyi infrastruktur və bağlantı layihələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, bilik və təcrübə üzrə də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iqtisadi əməkdaşlığın karbohidrogen sektorundan kənar sahələr üzrə şaxələndirilməsi üçün mövcud potensial müzakirə olunub. Yapon şirkətlərinin sənaye zonaları, yaşıl enerji, dekarbonizasiya, yüksək texnologiyalar və innovasiya sahələrinə investisiya imkanları diqqətə çatdırılıb. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri, eləcə də infrastruktur və dayanıqlı şəhər inkişafı istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub, bir sıra Yapon şirkətlərinin bu sahələrə artıq maraq göstərdiyi qeyd edilib.

Özbəkistan Respublikası Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Cəmşid Kuçkarov ilə keçirilən görüşdə isə Azərbaycan və Özbəkistan Maliyyə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub və tərəflər arasında yaxın günlərdə əməkdaşlığa dair memorandumun hazırlanaraq imzalanması barədə razılıq əldə olunub.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX