AZ

"Apple"dan bəd xəbər: Yeni "iPhone"lar cib yandıracaq

"Apple" korporasiyası flaqman smartfon modellərinin qiymətini qaldırmaq məcburiyyətində qalacaq.

Azreform.info xəbər verir ki, bu barədə "Digital Trends" nəşri məlumat yayıb.

Jurnalistlər "Morgan Stanley"in analitiki Erik Vudrinqə istinad edirlər. Onun sözlərinə görə, "Apple" smartfonlarının qiymətində artım demək olar ki, qaçılmazdır. Analitik hesab edir ki, şirkət "iPhone 18 Pro" və "18 Pro Max" modellərini 2025-ci ilin cihazları ilə müqayisədə 100 dollar (təxminən 170 manat) daha baha satacaq. Müqayisə üçün qeyd edək ki, "iPhone 17 Pro" 1100 dollar (təxminən 1870 manat), "17 Pro Max" isə 1200 dollar (təxminən 2040 manat) qiymətinədir.

Vudrinq qeyd edib ki, "Apple" satışların azalmasından qorxmur, çünki premium smartfon seqmentində kifayət qədər möhkəm mövqeyə malikdir. Həmçinin mütəxəssis bildirib ki, şirkət rəhbərləri son maliyyə hesabatı zamanı buna eyham vurublar. O zaman top-menecerlər operativ yaddaş və digər hissələrin qiymətinin yüksək olması səbəbindən "iPhone"un istehsal xərclərinin artdığını vurğulamışdılar.

"Digital Trends" jurnalistləri qeyd ediblər ki, "Apple" tez-tez xərcləri azaltmağa və qiymətləri qaldırmamağa çalışır. Nümunə kimi, böhranın pik həddində 1000 dollar (təxminən 1700 manat) qiymətinə satılan "M4" prosessorlu "MacBook Air"i göstəriblər. Onun rəqibi olan "Microsoft Surface Pro"nun qiyməti isə 1050 dollar (təxminən 1785 manat) idi. Materialda deyilir ki, korporasiya hazırda həddindən artıq güclü təzyiqlə üzləşib və artıq qiymətləri sabit saxlaya bilmir.

Seçilən
27
2
azreform.info

3Mənbələr