AZ

Hava ilə bağlı qarışıq proqnozlar: bizi nə gözləyir?

Aprelin 29-da may ayı üçün gözlənilən hava proqnozu açıqlanıb. Mayın 2-də isə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “demokrat.az”a açıqlamasında bildirib ki, hazırda may ayı üçün aylıq proqnozun hesablanması işləri aparılır və dəqiq məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. Bu, əhali arasında çaşqınlıq yaradıb. Digər tərəfdən, Türkiyənin bəzi bölgələrində gözlənilməz qar yağıntısı da regionda hava şəraitinin dəyişəcəyi ehtimalını artırıb.

Bu ziddiyyətin səbəbi nədir? Mayda havalar isinəcək ya soyuqlar müşahidə ediləcək?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, hava ilə bağlı verilən proqnozlar ehtimal xarakteri daşıyır və dəyişə bilər:

“Türkiyədə proqnozların hazırlanması üçün müasir mexanizmlər, qurğular, proqramlar və süni intellektdən istifadə olunur. Əvvəllər bir neçə mütəxəssisin gördüyü işi indi elektron stansiyalar yerinə yetirir və atmosferdə baş verən dəyişiklikləri mütəmadi olaraq mərkəzə ötürür. Bu da proqnozların keyfiyyətinə müsbət təsir göstərir. Proqnozlar ümumiləşdirilmiş xarakter daşıyır. Məsələn, Bakının müxtəlif ərazilərində fərqli hava şəraiti müşahidə oluna bilər, lakin məlumatlar ictimaiyyətə ümumi formada təqdim edilir.

May ayının əvvəlində olduğumuzu nəzərə alsaq, yaz mövsümü davam edir və bu dövr üçün yağıntılar, atmosfer təlatümləri normal hesab olunur. Aprelin sonunda verilən proqnozların dəyişməsi və hazırda may ayı üzrə yeni proqnozların hazırlanması da təbii prosesdir. Azərbaycanda bu sahədə texnoloji imkanlar və ixtisaslı kadrlarla bağlı müəyyən çatışmazlıqlar mövcuddur ki, bu da proqnozların dəqiqliyinə təsir edə bilər”.

Ekoloq bildirib ki, may ayı boyunca növbəti günlərdə də yağıntıların olması gözlənilir:

“Xüsusilə dağ və dağətəyi ərazilərdə intensiv yağıntılar, yüksək dağlıq zonalarda isə qar uçqunu ehtimalı var. Bu, çaylarda su səviyyəsinin artmasına səbəb ola bilər. Hazırda çayların bolsulu olduğunu nəzərə alaraq, düzən ərazilərdə daşqın, dağ çaylarında isə sel hadisələri baş verə bilər. Bu səbəbdən çay yataqlarına yaxın ərazilərdə yaşayan əhalinin diqqətli olması tövsiyə olunur. Eyni zamanda, yağıntıların təsiri ilə, xüsusilə Böyük Qafqaz bölgəsində sürüşmə hadisələrinin aktivləşməsi ehtimalı artır. Bu proseslər relyefdə dəyişikliklərə səbəb ola bilər. Buna görə də əhalinin ehtiyatlı davranması vacibdir”.

Seçilən
1
3
konkret.az

4Mənbələr