AZ

İlham Əliyevin illər əvvəl bəyan etdiyi REALLIQ – Makron hələ indi etiraf edir...

İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxış edən Fransa Prezidenti Emmanuel Makron son illərdə Ermənistanda əhəmiyyətli siyasi dəyişikliklərin baş verdiyini bildirib.

Makronun sözlərinə görə, 8 il əvvəl Avropa liderlərindən heç kim Ermənistana gəlməzdi:

“Səkkiz il əvvəl bu ölkə bir çox dövlətlər tərəfindən de-fakto Rusiyanın peyki kimi qəbul olunurdu”.

Beləcə Qərb liderlərindən heç olmasa biri nəhayət ki, Ermənistanın “proksi dövlət” olduğunu etiraf etdi.

İlham Əliyevin illər əvvəl bəyan etdiyi reallıq

Halbuki Azərbaycan Prezidenti İlham Əliyev illər əvvəl, dəfələrlə bəyan edib ki, Ermənistan forpost ölkədir.

Dövlətimizin başçısı 11 il əvvəl, 2015-ci ilin iyulunda milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə keçirilən görüşdə bu məsələni xüsusi vurğulamışdı:

“Ermənistan dövlət müstəqilliyini çoxdan itiribdir. Ən yaxşı halda ona forpost deyirlər”.

Məhz bu səbəbdən, yəni Ermənistanın böyük güclərin oyuncağı olması səbəbindən Qarabağ münaqişəsi 30 ildən artıq uzandı. Ermənistanın havadarları hər vəchlə münaqişəni dondurmağa çalışıb, status-kvonu qorumaq üçün əllərindən gələni etdilər.

Lakin Ermənistanın böyük güclərin forpostu olması reallığı Vətən savaşından sonrakı dövrdə də davam etdi.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2022-ci ildə ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bu reallığı bir daha bəyan etdi:

“Biz Zəngəzur dəhlizi ilə bağlı müzakirələri faktiki olaraq Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir”.

Ermənistan təkcə Rusiyadan asılı deyil, həm də Qərbin forpostudur.

Prezident İlham Əliyev bunu bir sıra rəsmi görüşlərdə, o cümlədən 2024-cü ilin aprelində Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib:

“Keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək”.

Ermənistan “proksi dövlət” rolunda

Cənubi Qafqazın mürəkkəb geosiyasi mühitində bir qayda olaraq Ermənistan tez-tez “proksi dövlət” kimi xarakterizə olunur. Bu anlayış, adətən, bir ölkənin başqa bir gücün maraqlarını dolayı yolla həyata keçirməsi mənasında işlədilir. Lakin bu iddianı qiymətləndirmək üçün həm tarixi, həm də müasir siyasi konteksti diqqətlə nəzərdən keçirmək lazımdır.

Əslində Ermənistan bir dövlət kimi yaradılması böyük güclərin layihəsi olub. Bu “dövlət” tarix boyu Türk dövlətləri arasındakı kommunikasiyaların üzərində qurulmuş “şeytan yuvasıdır”. Təsadüfi deyil ki, Ermənistanın proksi dövlət ucbatından nəinki digər Türk dövlətlərinin, hətta Azərbaycanın əsas hissəsinin Türkiyə ilə quru əlaqəsi 35 ildir ki, problem olaraq qalır.

Ötən müddətdə Ermənistan öz milli və dövlət maraqlarının yox, qlobal güclərin göstərişi əsasında həm Türkiyəyə, həm də Azərbaycana qarşı düşmənçilik siyasəti aparıb. Xüsusilə Rusiya ilə uzunmüddətli siyasi, hərbi və iqtisadi əlaqələr bu ölkənin xarici siyasət kursunda mühüm rol oynayıb.

Ermənistan Rusiyanın moderator olduğu KTMT-nin üzvüdür. Bu ölkənin ərazisində Rusiyanın hərbi bazası yerləşir. Ermənistanın xarici ticarət dövriyyəsinin yarısı Rusiyanın payına düşür. Dəmir yolu sistemi bütövlüklə Rusiyanın dəmir yolunun balansındadır. Ölkəyə qoyulan investisiyanın 70-80 faizi Rusiya mənşəlidir.

Belə vəziyyətdə Ermənistanın müstəqil siyasət yürütməsi və milli maraqlara arxalanması mümkünsüzdür.

İqtisadi cəhətdən Rusiya, siyasi baxımdan Qərb

Ermənistan rəhbərliyi son illərdə daha balanslı siyasət yürütməyə çalışdığını iddia edir. Xüsusilə Qərb institutları ilə əməkdaşlığın genişləndirilməsi, Avropa strukturları ilə dialoqun intensivləşdirilməsi bu ölkənin tamamilə bir gücün “proksisi” olması fikrini müəyyən qədər zəiflədir. Amma bəzi reallıqlar hələ də dəyişməz olaraq qalır.

Bu gün Ermənistan iqtisadi cəhətdən nə qədər Rusiyadan asılıdırsa, siyasi cəhətdən də bir o qədər Qərbdən asılıdır.

Belə asılılıqlar fonunda isə Ermənistanın müstəqil siyasət yürütməsi mümkünsüzdür. Ermənistan müəyyən hallarda hələ də öz milli maraqlarından daha çox xarici aktorların geosiyasi strategiyalarına uyğun davranır. Bu isə onun müstəqil qərarvermə imkanlarını məhdudlaşdırır.

Müsair geosiyasətin mürəkkəb reallığı

Beynəlxalq münasibətlər sistemində kiçik və orta gücdə olan dövlətlərin böyük güclərlə əməkdaşlığı adi haldır. Bu, avtomatik olaraq “proksi” statusu demək deyil. Faktiki olaraq Azərbaycan həm Rusiya, həm Qərblə əməkdaşlıq edir. Hətta Avropanın 10-dan artıq ölkəsi Azərbaycanın strateji tərəfdaşıdır. Bütün münasibətlər qarşılıqlı etimad və inam üzərində qurulub. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Eyni zamanda siyasi qərarların verilməsində də qlobal güclərin arzuları deyil, Azərbaycanın milli və dövlət maraqları prioritet kimi qəbul edilir.

Lakin Cənubi Qafqazda davamlı sabitliyin və rifahın olması üçün Azərbaycanın təşəbbüsləri kifayət eləmir. Regionda sabitlik üçün etiketləmədən daha çox qarşılıqlı etimad və real dialoq vacibdir. Bu mənada Ermənistanın “proksi dövlət” olmaqdan çıxmalı, ölkənin və regionun sabitliyi üçün müstəqil və cəsarətli addımlar atmalıdır.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
30
44
bizim.media

10Mənbələr