AZ

Rəvan Həsənov: Multikulturalizm Azərbaycanda həyat tərzi, ictimai şüurun ayrılmaz hissəsidir

Bakı, 5 may, AZƏRTAC

Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusu təkcə tarixi bir irsin təhlili deyil, həm də bu günümüz və gələcəyimiz üçün strateji əhəmiyyət daşıyan dəyərlərin müzakirəsidir. Heydər Əliyevin siyasi irsi Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsas sütunlarından birini təşkil edir. Onun formalaşdırdığı ideoloji xəttin mühüm istiqamətlərindən biri məhz multikulturalizm və tolerantlıq prinsiplərinə əsaslanan cəmiyyət modelidir. Bu model Azərbaycanda müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin əsrlər boyu dinc yanaşı yaşamasının müasir dövrdə davam etdirilməsini təmin edir. Ulu Öndər daim vurğulayırdı ki, Azərbaycanın zənginliyi onun təbii resurslarında deyil, ilk növbədə, milli və mədəni müxtəlifliyindədir. Bu baxımdan, multikulturalizm Azərbaycanda sadəcə siyasi kurs deyil, həyat tərzi, ictimai şüurun ayrılmaz hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” IX beynəlxalq elmi konfransında deyib. O bildirib ki, bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların və dini icmaların hüquq və azadlıqlarının qorunmasına, onların mədəni irsinin inkişafına geniş imkanlar yaradıb: “Heydər Əliyevin müəyyən etdiyi bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycanın beynəlxalq müstəvidə multikulturalizm mərkəzlərindən birinə çevrilməsi, Bakının mühüm qlobal dialoq platformalarına ev sahibliyi etməsi bu siyasətin real nəticəsidir.

Qloballaşan dünyada mədəni müxtəliflik bəzən toqquşma səbəbi kimi təqdim olunsa da, Azərbaycan təcrübəsi göstərir ki, düzgün siyasət və sağlam ictimai münasibətlər şəraitində bu müxtəliflik inkişaf və sabitlik mənbəyinə çevrilə bilər. Məhz Heydər Əliyevin irsi bizə bu balansı qorumağın yollarını göstərir. Bu gün qarşımızda duran əsas vəzifə bu zəngin ideoloji irsi qorumaqla yanaşı, onu yeni çağırışlara uyğun şəkildə inkişaf etdirməkdir. Çünki multikulturalizm və tolerantlıq prinsipləri yalnız milli səviyyədə deyil, qlobal miqyasda da sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”.

Seçilən
24
azertag.az

1Mənbələr