AZ

“Qarabağ” ikinci yerdə mövqeyini möhkəmləndirdi: “Turan Tovuz” işini çətinə saldı

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu il də Azərbaycanı avrokuboklarda dörd futbol klubu təmsil edəcək. Vəsiqələrdən yalnız ikisinin sahibinə aydınlıq gəlib. “Sabah”ın Çempionlar Liqasında mübarizə aparacağı dəqiqdir. “Qarabağ” ya Avropa Liqasında, ya da Konfrans Liqasında yarışacaq. Bu suala mayın 13-də ölkə kubokunun finalında cavab tapılacaq.

Bizimyol.info xəbər verir ki, ayın ortalarındakı qarşılaşma həm də finalın iştirakçısı olan “Zirə”nin taleyini müəyyənləşdirəcək. Qəsəbə təmsilçisi avrokuboklarda oynamaq istəyirsə, həmin görüşdə “Sabah”dan üstün olmalıdır. Əks halda ümid çempionatda dördüncü yeri tutmağa qalacaq. İş orasındadır ki, bu vəzifə də asan deyil. “Neftçi” özünə gəlib. Flaqman xalları sürətlə artırır. “Karvan Yevlax”la görüşdə qələbə “Neftçi”ni yenə “Zirə”dən önə çıxaracaq. Yuri Vernidubun komandasının hətta çempionatı üçüncü pillədə başa vurmaq şansı da qalır.

“Qarabağ” 30-cu turda ikinci yerdəki mövqeyini möhkəmləndirib. Ağdam klubu Bakıda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edərək, əsas izləyicisi ilə xal fərqini 6-ya çatdırıb. Böyük ehtimalla “Qarabağ” çempionatı məhz ikici yerdə başa vuracaq. “Sabah” ölkə kubokunun qalibi olsa, Qurban Qurbanovun komandası bu pillə sayəsində Avropa Liqasına gedəcək. “Zirə”ni qələbəsi isə “Qarabağ”ı Konfrans Liqasına göndərəcək.

“Turan Tovuz” uduzmaqla işini çətinə salıb. Üçüncü yer də əldən çıxa bilər. “Zirə”nin ölkə kubokunda uğuru hətta dördüncü pillə ilə belə, Konfrans Liqasına getmək zəmanəti vermir. Tovuz komandası son üç turda çox diqqətli olmalıdır. Əyalət təmsilçisi mayın 10-da öz meydanında sonuncu yerdə qərarlaşmış “Karvan Yevlax”ı məğlub etməklə avrokuboklara vəsiqəni rəsmiləşdirə bilər.

Autsayderlər qrupunda da dumanlar çəkilib. “Karvan Yevlax”ın canını son pillədən qurtaracağı inandırıcı görünmür. Belə qənaətə gəlmək olar ki, 11-ci yeri “Qəbələ” tutacaq və birinci liqanın ikinci yeri tutan komandası ilə pley-off matçı oynayacaq. “Kəpəz” əsas rəqibi ilə xal fərqini 4-ə çatdırıb. Azər Bağırovun komandasının bu şansı əldən verəcəyi güman olunmur.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
bizimyol.info

1Mənbələr