AZ

Azərbaycan İtaliya: münasibətlər yeni inkişaf mərhələsində

Ses qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

“Prezident İlham Əliyevin İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorgia Meloninin Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–İtaliya münasibətlərinin strateji xarakter daşıdığını və bu tərəfdaşlığın real məzmunla zənginləşdiyini bir daha təsdiqlədi.” Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, 2014 və 2020-ci illərdə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu gün siyasi, iqtisadi və humanitar sahələrdə konkret nəticələrə çevrilib: “İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması, ötən il ticarət dövriyyəsinin 12 milyard dollara yaxınlaşması və energetika sahəsində möhkəm əməkdaşlıq əlaqələrimizin mövcudluğu münasibətlərimizin dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir. Xüsusilə təbii qaz ixracı sahəsində İtaliya bazarının aparıcı mövqeyi və Cənub Qaz Dəhlizinin mühüm seqmenti olan Trans Adriatic Boru kəməri (TAP) layihəsinin genişləndirilməsi məsələsi strateji əməkdaşlığımızın uzunmüddətli perspektivini müəyyənləşdirir”.

Deputat vurğulayıb ki, iki ölkə arasında tərəfdaşlığın ən mühüm və diqqətəlayiq istiqamətlərindən biri İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəal iştirakıdır: “Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətləri tərəfindən artıq 23 layihənin həyata keçirilməsi və ya icra mərhələsində olması İtaliya biznes dairələrinin Azərbaycana və regionun bərpasına olan inamının bariz göstəricisidir. Xarici şirkətlər arasında İtaliyanın qabaqcıl yerlərdə qərarlaşması təsadüfi deyil. Bu layihələr infrastrukturun qurulması, şəhərsalma, sənaye, energetika və mədəni irsin bərpası kimi strateji sahələri əhatə edir və regionun sürətli reinteqrasiyasına mühüm töhfə verir.

Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi etimadın və qarşılıqlı hörmətin təzahürüdür. İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən layihələr Azərbaycanın post-münaqişə dövründə quruculuq və inkişaf strategiyasının mühüm tərkib hissəsidir və İtaliya şirkətlərinin bu prosesdə fəal iştirakı iki ölkə arasında tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.

Eyni zamanda, hərbi-texniki əməkdaşlıq, birgə istehsal imkanları və texnologiya transferi ilə bağlı müzakirələr əlaqələrimizin şaxələndiyini nümayiş etdirir. Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı sərmayələr isə qarşılıqlı iqtisadi maraqların balanslı xarakter daşıdığını göstərir”.

S.Hüseynova bildirib ki, iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir: “Bakıda fəaliyyətə başlayan İtaliya–Azərbaycan Universiteti iki ölkə arasında elmi və intellektual körpü rolunu oynayır və gələcək nəsillərin bu strateji tərəfdaşlığın davamlılığını təmin etməsinə zəmin yaradır.

Hesab edirəm ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycan–İtaliya münasibətlərinin yalnız enerji tərəfdaşlığı ilə məhdudlaşmadığını, xüsusilə işğaldan azad edilmiş ərazilərimizin bərpasında İtaliya şirkətlərinin fəal iştirakı ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir. Bu əməkdaşlıq regionda sabitlik, inkişaf və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli strateji model kimi qiymətləndirilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
47
sesqazeti.az

10Mənbələr